BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Türkiyənin “Mirakıl” verilənlər emalı şirkəti arasında əməkdaşlıq perspektivlərinin müzakirəsinə həsr olunmuş onlayn görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “görüşdə MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov və “Mirakıl” verilənlər emalı şirkətinin direktoru Rumeysa Çölden arasında qarşılıqlı fikir mübadiləsi aparılıb. H.Hüseynov rəhbərlik etdiyi kitabxananın fəaliyyəti, xidmətləri və rəqəmsal imkanları barədə məlumat verib. Direktor bildirib ki, müasir kitabxanalar oxucu məmnunluğunu təmin etmək, eləcə də informasiya məkanında mövqe tutmaq üçün innovativ texnoloji həllərdən geniş istifadə etməlidirlər. Daha sonra R.Çölden rəhbərlik etdiyi şirkətin fəaliyyəti, tətbiq etdiyi informasiya texnologiyaları həlləri və həyata keçirdikləri beynəlxalq layihələr barədə ətraflı məlumat verib”.
Ardınca xəbərdə, “görüş zamanı şirkətin nümayəndəsi Mehmet Faruk Akgül KOHA Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sistemi və onun funksional imkanları haqqında danışıb. O bildirib ki, sistem Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən 2 mindən çox kitabxanada tətbiq olunur və “Mirakıl” şirkəti onun texniki və proqram təminatı üzrə dəstəyini həyata keçirir. Təqdimat zamanı KOHA sisteminin modulları, həmçinin korporativ kitabxana şəbəkələrinin qurulmasındakı rolu diqqətə çatdırılıb. Müzakirələr zamanı KOHA sisteminin digər proqram təminatları ilə inteqrasiyası, xüsusilə İRBİS proqramı ilə biblioqrafik məlumat mübadiləsi imkanları, eləcə də tələb olunan texniki avadanlıqlarla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb” deyə bildirilir.
Görüş çərçivəsində KOHA sisteminin onlayn qeydiyyat platformaları ilə inteqrasiyasının texniki aspektləri də müzakirə olunub.
Sonda tərəflər müzakirələrin əhəmiyyətini vurğulayaraq bu görüşün gələcək əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığını bildiriblər.






İlk şərhi yaza bilərsiniz