Press "Enter" to skip to content

Mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 24 may 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Məlumatda qeyd edilib ki, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər: “İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 56 min 847 abituriyentdən (II qrup üzrə 28 min 507 nəfər, III qrup üzrə 28 min 340 nəfər) 2429 nəfər (II qrup üzrə 1663 nəfər, III qrup üzrə 766 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Bakı şəhəri, Sabunçu rayonu 169 saylı tam orta məktəbinin məzunu Banuçiçək Bəxtiyar qızı Rüstəmli göstərib. O, imtahanın birinci mərhələsində 291, 9 bal toplayıb. Hər iki mərhələnin cəminə görə 688,9 bal toplayan Rüstəmli Banuçiçək II ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyentdir”.

Məlumata görə, bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 3 nəfər – Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın məzunu Zeynəb Ələddin qızı Quliyeva, Bakı şəhəri, Nizami rayonu 62 saylı məktəb-liseyin məzunu Aişə İlqar qızı Qasımova və İsmayıllı rayonunun Qalacıq kənd orta məktəbinin məzunu Fidan Ceyhun qızı Qardaşova göstərib: “Zeynəb Ələddin qızı Quliyeva imtahanın birinci mərhələsində 287, 7 bal, Aişə İlqar qızı Qasımova 285, 9 bal, Fidan Ceyhun qızı Qardaşova isə 285, 2 bal toplayıb. Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 690 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyent isə Sumqayıt şəhəri 12 saylı orta məktəbin məzunu Fidan İlham qızı Hüseynzadədir. O, imtahanın birinci mərhələsində 293.8, ikinci mərhələsində isə 396.2 bal toplayıb”.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər iyunun 18-i saat 10:00-dan iyunun 20-si saat 17:00-dək Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.