BAYRAQDAR MEDİA – “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi tərəfindən “QS dünya universitetləri reytinqi”nin nəticələri açıqlanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “nəticələrə əsasən ölkə tarixində ilk dəfə 3 universitet sözügedən reytinqin TOP 800-lüyündə yer alıb. Eyni zamanda, TOP 1 mində təmsil olunan Azərbaycan universitetlərinin sayı 6-dan 7-yə yüksəlib. Ümumilikdə isə reytinqdə yer alan Azərbaycan universitetlərinin sayı 10-a çatıb. Bakı Dövlət Universiteti 123 pillə irəliləyərək dünyada 565-ci yerdə qərarlaşıb. Azərbaycan Dövlət İqtisad Universiteti 801–850 aralığından 634-cü yerə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə 851–900 aralığından 711–720 aralığınadək yüksəlib. Bununla yanaşı, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və ADA Universiteti mövqelərini yaxşılaşdıraraq sözügedən reytinqdə irəliləyiblər. Sumqayıt Dövlət Universiteti öz mövqeyini qoruyub saxlayıb, Azərbaycan Dövlət Pedaqoji Universiteti isə sözügedən reytinqə ilk dəfə daxil olub”.
Daha sonra xəbərdə, “sözügedən reytinqdə Azərbaycan universitetlərinin sayı Cənubi Qafqaz regionunun digər ölkələrindən reytinqə daxil olan universitetlərin toplam sayından 2.5 dəfə çoxdur. Qeyd edək ki, 2025-ci ilədək Azərbaycan universitetləri dünya reytinqlərində TOP 800-lükdə təmsil olunmayıb. 2025-ci ildə ilk dəfə 1 Azərbaycan universitet TOP 800-ə daxil olub, 2026-cı ildə isə onların sayı 3-ə çatıb. Sözügedən reytinqə dünyanın 106 ölkəsi üzrə 1 min 500-dən çox universitet daxil edilib” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz