BAYRAQDAR MEDİA – “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Art-terapiya mədəniyyətin və sağlamlığın keşiyində” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində Azərbaycanın zəngin el sənəti ənənələrini özündə birləşdirən “ailə modelli art-terapiya” təcrübəsinin və Sərdarlı ailəsinin ərsəyə gətirdiyi müəllif kolleksiyasının ABŞ-nin paytaxtı Vaşinqton şəhərində nümayişi və elmi-praktik konfranslarda təqdimatı nəzərdə tutulub.
Adıçəkilən layihənin müəllifi, araşdırmaçı, tətbiqi sənət ustası və Azərbaycan Rəssamlar İttifaqının üzvü İsgəndər Sərdarlı BAYRAQDAR MEDİYA-ya açıqlamasında bildirib ki, ailə modeli əsasında formalaşdırılan bu yanaşma sadəcə sənət fəaliyyəti deyil, bəşəri sarsıntılar və şəxsi böhranlar qarşısında insana bəxş edilmiş bir xilas yoludur: “Biz layihə çərçivəsində təqdim etdiyimiz metodologiya ilə sübut etməyə çalışırıq ki, yaradıcılıq insanın daxili aləmindəki xaosu nizama salan ən güclü psixoloji mexanizmdir. On bir il əvvəl şəxsi təcrübəmizdən başlayaraq, pandemiya dövründə kollektiv bir “sağlamlıq ocağına” çevrilən bu model, klassik art-terapiya ənənələrini ailə dinamikası və birgə əməkdaşlıq prinsipi ilə sintez edir. Bizim yanaşmamızda ailə üzvləri nəinki birgə sənət əsəri yaradır, həm də “pazl” prinsipi ilə işləyərək, dağıdıcı düşüncələri konstruktiv fəaliyyətə – subliminasiyaya çevirirlər. Bu, hər bir ailə üzvünün fərdi bacarığını “möhtəşəm bir tamın” parçasına çevirməkdir ki, bu da şəxsə “mən faydalı bir işin tərkib hissəsiyəm” mesajını verərək emosional dayanıqlılığı bərpa edir”.
İsgəndər Sərdarlı daha sonra deyib: “Vaşinqton səfərimizin əsas missiyası Azərbaycanın zəngin tətbiqi sənət irsi ilə müasir art-terapiya elminin qovuşduğu bu nadir təcrübəni dünya ictimaiyyətinə təqdim etməkdir. Biz hesab edirik ki, incəsənət yalnız estetik bir məhsul deyil, həm də həssas vəziyyətdə olan ailələrin mənəvi-psixoloji durumunda keyfiyyət dəyişikliklərinə nail olmaq üçün ən effektiv vasitədir. Topqapı Sarayı kimi mötəbər məkanlarda yüksək dəyərləndirilən əl işlərimiz, bu gün Vaşinqtonun aparıcı elm və mədəniyyət mərkəzlərində müzakirə ediləcək elmi-tədqiqat modelinin vizual sübutudur. Art-terapiyanın elmi zirvəsinin yaşandığı Vaşinqtonda biz öz “xilas yolumuzu” dünya mütəxəssisləri ilə bölüşərək bu modelin digər mədəni mühitlərdə də tətbiqi üçün dialoq qurmaq niyyətindəyik”.






İlk şərhi yaza bilərsiniz