BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi (SN) və Dövlət Gömrük Komitəsinin (DGK) nümayəndələrinin iştirakı ilə dərman preparatlarının, tibb vasitələrinin və sanitariya nəzarətinə düşən malların idxal-ixrac əməliyyatlarının tənzimlənməsi, dərman vasitələrinin qaçaqmalçılığı ilə mübarizə, psixotrop maddələrin qanunsuz dövriyyəsinə gömrük nəzarətinin səmərəliliyinin artırılması məqsədi ilə işgüzar görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “görüşdə səhiyyə naziri Teymur Musayev, DGK-nın sədri Şahin Bağırov, hər iki qurumun rəhbər vəzifəli şəxsləri və aidiyyəti struktur bölmələrin rəhbərləri də iştirak ediblər. Tədbirin məqsədi dərman vasitələri, dərman maddələri və tibb vasitələrinin idxal-ixrac əməliyyatları zamanı həyata keçirilən nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, qurumlararası əməkdaşlığın genişləndirilməsi və məlumat mübadiləsinin daha səmərəli təşkili məsələlərinin müzakirəsi olub. T.Musayev qeyd edib ki, əhalinin keyfiyyətli və təhlükəsiz dərman vasitələri ilə təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. DGK-nın sədri Şahin Bağırov vurğulayıb ki, gömrük nəzarətinin effektiv təşkili ilə yanaşı, qanuni ticarətin asanlaşdırılması və rəqəmsal həllərin tətbiqi prioritet məsələlərdəndir. Tərəflər dərman və tibb vasitələrinin gömrük rəsmiləşdirilməsi prosesində idxal icazələrinin verilməsi üçün məlumat mübadiləsinin təkmilləşdirilməsi, elektron inteqrasiya imkanlarının genişləndirilməsi, risklərin qiymətləndirilməsi mexanizmlərinin gücləndirilməsi və aidiyyəti qurumlar arasında operativ koordinasiyanın artırılması istiqamətində fikir mübadiləsi aparıblar”.
Daha sonra xəbərdə, “müzakirələr zamanı risk dərəcəsi daha yüksək, yüksək və (və ya) orta olan tibb vasitələrinin gömrük eyniləşdirilməsi məqsədilə DGK-ya müvafiq reyestrə giriş imkanının yaradılması, idxalı müvafiq dövlət orqanlarının rəyi əsasında həyata keçirilən spesifik malların siyahısında müvafiq dəyişikliklərin hazırlanmasının zəruriliyi vurğulanıb, daha sonra Komitə əməkdaşı təqdimatla çıxış edib. Eyni zamanda, bəzi psixotrop maddələrin Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyalara uyğun olaraq milli qanunvericilikdə əks etdirilməsi, idxal-ixrac əməliyyatları üzrə verilən icazələrin rəqəmsal inteqrasiyası, eləcə də gömrük nəzarəti altında saxlanılan dərman vasitələrinin müvafiq tələblərə uyğun şəraitdə saxlanması məsələləri nəzərdən keçirilib” deyə bildirilir.
Görüşdə tərəflər qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün əməkdaşlığın daha da genişləndirilməsi və birgə fəaliyyətin əlaqələndirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəliblər.






İlk şərhi yaza bilərsiniz