Press "Enter" to skip to content

Bir rektorun həyat yolu

Prof. Dr. A. Vecdi Can

Yaxud Azərbaycan sevgisindən türk dünyası missiyasına

BAYRAQDAR MEDİA – Onu əslində uzun illərdir, qiyabi də olsa, tanıyırıq. Həyata keçirdiyi elmi, akademik və türk dünyasına xidmət istiqamətindəki fəaliyyətini yaxından izləyir, bu barədə kifayət qədər məlumatlı idik. Quzey Makedoniyada fəaliyyət göstərən Uluslararası Vizyon Universitetinə rektor təyin olunduğunu öyrəndikdən sonra isə onunla geniş müsahibə hazırlamağı qərara almışdıq. Lakin müxtəlif səbəblərdən bu müsahibəni reallaşdırmaq mümkün olmamışdı. Nəhayət, Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı, BAYRAQDAR MEDİA ailəsinin yaxın dostu Közhan Yazganın dəstəyi sayəsində cənab rektorla geniş müsahibə həyata keçirildi.

Müsahibə zamanı türk dünyasının gələcəyi, təhsil, elm, Balkanlar, Türk Dövlətləri Təşkilatı, universitetlərarası əməkdaşlıq və digər mühüm mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı. Lakin söhbətin ilk hissəsində cənab rektorun öz həyat yolu, akademik fəaliyyəti və xüsusilə Azərbaycan haqqında səsləndirdiyi səmimi fikirlər bizi fərqli qərar verməyə sövq etdi. Bu hissənin müsahibənin girişi kimi deyil, ayrıca bir yazı kimi oxuculara təqdim edilməsinin daha məqsədəuyğun olacağını düşündük.

Beləliklə, geniş müsahibədən əvvəl Quzey Makedoniyada fəaliyyət göstərən Uluslararası Vizyon Üniversitetinin rektoru Prof. Dr. A. Vecdi Canın öz həyatı, akademik fəaliyyəti və Azərbaycana olan səmimi münasibətini əks etdirən bu yazını diqqətinizə çatdırırıq.

Azərbaycan bizim canımızdır

Azərbaycana sevgisinin sarsılmaz olduğunu deyən rektor daha sonra aşağıdakıları bildirdi: “Azərbaycan bizim canımızdır. Təxminən iyirmi ilə yaxındır ki, bu ölkəyə mütəmadi olaraq gəlib-gedirəm. Burada dərslər demiş, konfranslarda məruzələrlə çıxış etmiş, beynəlxalq konqreslər təşkil etmişəm. Çoxsaylı seminarlar, elmi layihələr və rəsmi görüşlər çərçivəsində dəfələrlə Azərbaycanda olmuşam. Bu illər ərzində ölkənin müxtəlif bölgələrini gəzmək, insanlarını yaxından tanımaq mənə nəsib olub. Bakı, Gəncə, Şəki, Şəmkir, Qazax, Lənkəran və digər şəhərlərlə bağlı dərin xatirələrim var. Azərbaycanın çörəyini yemiş, suyunu içmiş bir insan kimi bu ölkəyə ürəkdən bağlıyam”.

Müsahibimiz bildirdi ki, bu gün Azərbaycanda uzun illərdən bəri tanıdığı keçmiş tələbələri, dəyərli dostları, qardaşları, həmkarları və yaxın tanışları yaşayırlar: “Fürsətdən istifadə edərək onların hər birini həsrətlə qucaqlayır, can Azərbaycanın bütün əziz insanlarına səmimi salamlarımı, sevgilərimi və dərin ehtiramımı çatdırıram”.

Fərqli ölkələrdə formalaşan həyat yolu

Söhbətimizdə özü haqqında da ətraflə məlumat verən rektor dedi: “İnsanın özünü tanıtması bəzən asan olmur. Xüsusilə də doğulduğu, böyüdüyü, təhsil aldığı və çalışdığı yerlər bir-birindən fərqli olduqda. Ata tərəfim Bolqarıstandan Türkiyəyə köç etmiş mühacirlərdəndir. Ailəmiz 1938-ci ildə Bolqarıstandan Türkiyəyə köçüb. Əvvəlcə Yozgat və Çorum bölgələrində məskunlaşıblar, on ildən bir qədər sonra isə Sakaryaya yerləşiblər. Bu səbəbdən son 75 ildir ailəmizin vətəni Sakaryadır. Mən isə Ankarada dünyaya gəlmişəm. Uşaqlığımın mühüm hissəsi Almaniyada keçib. Mərhum atam Kamal Can Hamburqdakı Baş Konsulluqda çalışdığı üçün ailəlikcə Almaniyaya köçdük. İbtidai təhsilimi Hamburqda başladım, daha sonra Lübek şəhərində davam etdirdim”.

Müsahibimiz qeyd etdi ki, atası milli-mənəvi dəyərlərə, ana dilinə və dini kimliyə böyük həssaslıqla yanaşdığı üçün sonradan onu Türkiyədə internat məktəbində təhsil almağa göndərdi: “Orta məktəbi Sakaryada, ali təhsilimi isə Trabzonda başa vurdum. Qara Dəniz Texniki Universitetinin İqtisadi və İnzibati Elmlər Fakültəsinin Biznesin İdarə Edilməsi ixtisasını bitirdikdən sonra Sakarya Universitetində Mühasibat uçotu və Maliyyə sahəsində magistratura və doktorantura təhsili aldım. Otuz il əvvəl assistent kimi fəaliyyətə başladığım Sakarya Universitetində bu gün də professor kimi akademik fəaliyyətimi davam etdirirəm. Eyni zamanda ailəliyəm və iki övlad atasıyam”.

Otuz illik akademik fəaliyyət və zəngin idarəçilik təcrübəsi

Professor akademik fəaliyyəti ərzində Sakarya Universiteti ilə yanaşı, Türkiyənin Quru Qoşunları Hərbi Məktəbində, Almaniyanın əvvəlcə Kil Universitetində, daha sonra Hamburq Universitetində, Qırğızıstandakı Economy and Enterprise Universitetində, hazırda isə Quzey Makedoniyadakı Uluslararası Vizyon Universitetində həm akademik, həm də inzibati vəzifələrdə çalışma imkanı əldə edib.

Bu müddət ərzində yalnız müəllim kimi deyil, eyni zamanda kafedra müdiri, bölmə rəhbəri, tətbiqi və elmi araşdırmalar mərkəzinin direktoru, ali məktəb direktoru, institut direktoru, dekan, rektor müavini və rektor kimi bir çox məsul akademik və inzibati vəzifələrdə çalışıb. Fəaliyyət göstərdiyi universitetlərdə çoxsaylı şura və komissiyaların üzvü olub. Universitet senatlarında, fondların Himayəçilər Şuralarında, Etik Şuralarda, İdarə Heyətlərində, İcraiyyə Şuralarında, səlahiyyətli qərarverici qurumlarda, elmi və məsləhət şuralarında müxtəlif vəzifələr olub.

Bununla yanaşı, çalışdığı ali təhsil müəssisələrində yeni fakültələrin, institutların, bölmələrin, elmi-tədqiqat və tətbiqi araşdırmalar mərkəzlərinin yaradılmasına rəhbərlik edib, onların təşəkkül tapması və inkişafında yaxından iştirak edib. Müəyyən dövrlərdə həmin qurumlara rəhbərlik etmək də müsahibimizə nəsib olub.
Keyfiyyət və akkreditasiya sahəsində fəaliyyət

Akademik fəaliyyəti yalnız tədris və elmi araşdırmalarla məhdudlaşmayıb: “Türkiyə Ali Təhsil Keyfiyyət Şurasının (YÖKAK) qiymətləndiricisi kimi Türkiyənin müxtəlif universitetlərində keyfiyyət təminatı və akkreditasiya proseslərinin qiymətləndirilməsində iştirak etmişəm. Hazırda isə Sosial və Humanitar Elmlər üzrə Bakalavr Proqramlarının Akkreditasiya Şurasının (STARAK) üzvü kimi bakalavr səviyyəsində ali təhsil proqramlarının akkreditasiyası istiqamətində fəaliyyətimi davam etdirirəm”.

O, hesab edir ki, ali təhsildə keyfiyyətin yüksəldilməsi, beynəlxalq standartların tətbiqi və universitetlərin institusional inkişafı mənim akademik fəaliyyətimin mühüm istiqamətlərindən birini təşkil edir.

Elmi fəaliyyətin iki əsas istiqaməti

İndiyədək qırxa yaxın kitab və kitab bölməsi, iki yüzdən artıq elmi məqalə və konfrans məruzəsi dərc etdirib. Türkiyədə və dünyanın müxtəlif ölkələrində keçirilən çoxsaylı elmi toplantılara panel iştirakçısı kimi dəvət olunub. Bununla yanaşı, milli və beynəlxalq səviyyədə keçirilən bir çox konqresə şəxsən sədrlik edib, onların koordinatoru olub, seminarlar təşkil edib və konfranslarda məruzələrlə çıxış edib: “İxtisas sahəmlə bağlı mövzularda xüsusi təlimlər keçmiş, məsləhətçi, mentor, moderator, məruzəçi, redaktor, rəyçi, ekspert, münsiflər heyətinin sədri və üzvü kimi müxtəlif elmi platformalarda fəaliyyət göstərmişəm. Müxtəlif universitetlərdə bakalavr və magistratura pillələrində dərslər demiş, çoxsaylı magistr və doktorantların elmi rəhbəri olmuş, elmi layihələrdə və beynəlxalq konfranslarda müxtəlif vəzifələr yerinə yetirmişəm”.

Müsahibimiz vurğuladı ki, təhsil həyatı və akademik fəaliyyəti ümumilikdə iki əsas istiqamətdə formalaşıb: “Bunlardan birincisi əsas elmi ixtisas sahəm olan mühasibat uçotudur. Bu istiqamətdə mühasibat uçotunun nəzəriyyəsi və tarixi, mühasibat fəlsəfəsi, sosial və ekoloji mühasibat uçotu, maliyyə uçotu, maya dəyəri uçotu və idarəetmə uçotu sahələrində uzun illərdir elmi araşdırmalar aparır və fəaliyyət göstərirəm. İkinci istiqamət isə mənim üçün yalnız akademik fəaliyyət deyil, həm də mənəvi məsuliyyətdir. Bu istiqamət ali dəyərlərimiz, milli və mənəvi məsuliyyətimiz, tarixi irsimiz, ortaq ideallarımız, düşüncə dünyamız, könül coğrafiyamız və bütövlükdə türk dünyası ilə bağlı həyata keçirdiyimiz fəaliyyətləri əhatə edir”.

“Mən hesab edirəm ki, universitetlər yalnız elm istehsal edən qurumlar deyil, eyni zamanda ortaq mədəniyyətimizi, tariximizi və sivilizasiya yaddaşımızı gələcək nəsillərə daşıyan mühüm mərkəzlərdir. Bu düşüncə mənim bütün akademik fəaliyyətimə istiqamət verən əsas prinsiplərdən biridir” deyə rektor əlavə etdi.

Türk dünyasına aparan yol: Turan Yazgan məktəbi

Prof. Dr. A. Vecdi Can onu da qeyd etdi ki, türk dünyası ilə bağlı duyğuları və ideallarının konkret fəaliyyətə çevrilməsində Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) qurucusu, mərhum professor Turan Yazganın müstəsna rolu olub: “Açığını desəm, mənim Böyük Türküstan hekayəm məhz onunla başladı. Allah ona rəhmət eləsin. Məni ilk dəfə Azərbaycana göndərən də məhz Turan Yazgan Hocam olub. Sonralar onun təşəbbüsü ilə Qırğızıstana getdim, Qazaxıstana isə birlikdə səfər etdik. Onun sayəsində təkcə türk dövlətlərinin demək olar ki, hamısını yaxından görmək və tanımaq imkanı əldə etmədim, eyni zamanda həmin ölkələrdə yaratdığı təhsil müəssisələrində xidmət göstərmək şərəfinə də nail oldum”.

“Beləliklə, başda Azərbaycan, Qırğızıstan və Qazaxıstan olmaqla həm Türküstan coğrafiyasında, həm də Türkiyədə minlərlə tələbə və alim yetişdirdik, saysız-hesabsız elmi, sosial və mədəni layihələr həyata keçirdik, kitablar və elmi jurnallar nəşr etdik, beynəlxalq konqres və konfranslar təşkil etdik. Türk dünyasına xidmət mənim üçün sadəcə akademik fəaliyyət deyil, eyni zamanda mənəvi məsuliyyət, tarixi borc və gələcək nəsillərə qarşı öhdəlikdir” deyə müsahibimiz əlavə etdi.

Türk dünyasının institusional inteqrasiyasına xidmət

Müsahibimizin sözlərinə görə, türk dünyası ilə bağlı bütün bu fəaliyyətləri daha sistemli, daha davamlı və daha akademik əsaslarla həyata keçirmək məqsədilə Sakarya Universitetini Türk Universitetlər Birliyinə (TÜRKÜNİB) üzv ediblər: “Bununla yanaşı, Sakarya Universitetinin nəzdində Türk Dünyası Tətbiqi və Araşdırmalar Mərkəzini (TÜRKMER) yaratdıq. Hazırda fəaliyyətlərimizi başda Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) olmaqla, TİKA, TÜRKSOY, Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi (YTB), Yunus Əmrə İnstitutu və digər tərəfdaş qurumlarla birlikdə bu mərkəz vasitəsilə planlaşdırır, təşkil edir və əlaqələndiririk. TÜRKMER təkcə elmi araşdırmalar aparan mərkəz deyil. Burada Türk Dünyasının ortaq tarixi, dili, mədəniyyəti, təhsili və gələcəyi ilə bağlı çoxsaylı beynəlxalq layihələr hazırlanır və həyata keçirilir”.

Balkanlardan türk dünyasına açılan elm körpüsü

Hazırda rəhbərlik etdiyi Uluslararası Vizyon Universitetini də TÜRKÜNİB-ə üzv qəbul olunması üçün müraciət edildiyini deyən rektor daha sonra aşağıdakılar bildirdi: “Biz Balkanları təmsil edən ali təhsil müəssisəsi kimi türk dünyasının akademik inteqrasiyasına töhfə verməyi özümüz üçün mühüm vəzifə hesab edirik. Universitetimiz nəzdində fəaliyyət göstərən Professor Turan Yazgan Sosial Elmlər İnstitutu və Balkan Araşdırmaları İnstitutu vasitəsilə Sakarya Universitetində yaradılmış TÜRKMER ilə koordinasiyalı şəkildə fəaliyyət göstəririk. Eyni zamanda “Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konqresi” başda olmaqla türk dünyasına həsr olunan çoxsaylı beynəlxalq tədbirlərin təşkilatçılarından və tərəfdaşlarından biri kimi fəaliyyətimizi davam etdiririk. Bütün bunlar Beynəlxalq Vision Universitetinin yalnız akademik fəaliyyət istiqamətlərindən biri deyil, həm də universitetimizin vizyonunun və missiyasının ayrılmaz tərkib hissəsidir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.