Press "Enter" to skip to content

ADTGT beynəlxalq QHT platformasının tədbirlərində iştirak edib

Tədbirlərdən xatirə fotosu

BAYRAQDAR MEDİA – “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin (ADTGT) sədri Asif Əsgərli və İB-in icraçı direktoru Gülnarə Bağırova Finlandiyanın Helsinki şəhərində “Skandinaviya, Baltik və Qafqaz dialoqu 2026: Mədəniyyət, Gənclər və Gender bərabərliyi” adlı Beynəlxalq Forumda və təşkil olunan müxtəlif panel müzakirələri, dəyirmi masa, görüş və tədbirlərdə iştirak ediblər.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, beynəlxalq tədbirlər “Skandinaviya, Baltik və Qafqaz QHT Əməkdaşlıq Platforması” çərçivəsində Finlandiyanın “Femina Ry” QHT tərəfindən təşkil edilib və ADTGT İctimai Birliyi təmsilçilərinin Helsinki səfəri Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilib: “Helsinki Oodi Mərkəzi Kitabxanasında 10 ölkənin gənclər QHT rəhbərləri, gənc liderlər, ekspert və akademik çevrə təmsilçilərinin iştirakı ilə keçirilən I paneldə ADTGT təmsilçisi Gülnarə Bağırova “Gender bərabərliyi praktikada: Azərbaycan reallıqları” mövzusunda və Azərbaycan gənclər təşkilatı rəhbəri Asif Əsgərli isə “Mədəni mübadilədən struktur dəyişikliyinə: Gənclər əslində nələri edə bilər?” mövzusunda təqdimatla çıxış ediblər. Paneldə Finlandiya, Latviya, Estoniya və Danimarka QHT təmsilçilərinin də çıxışları dinlənildi və tədbir iştirakçıları arasında müzakirə, fikir mübadiləsi aparılıb”.

Məlumata əsasən, növbəti panellərdə Asif Əsgərli “Gənclər dəyişiklik agentləri kimi: Skandinaviya, Baltik və Qafqaz gənclər QHT-nin perspektivləri” və “Gənclərin rəhbərlik etdikləri dialoq və mədəni diplomatiya”, Gülnarə Bağırova isə “Gənc qadınlar və etnik azlıq gəncləri üçün rəqəmsal alətlər və təhlükəsiz onlayn məkanlar” və “Gənclərin təhsil, qeyri-formal tədris və vətəndaş iştirakında fəallığı” mövzularında geniş təqdimatlar edib, həmçinin, müzakirələrdə aktiv iştirak ediblər. Platforma çərçivəsində daha bir tədbir Helsinki “Azərbaycan Evi”ndə təşkil olunub. Mərkəzin rəhbəri Ülviyyə Cabbarova Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Evi”nin mədəni-humanitar sahədə gördüyü işlər, ölkəmizin, onun zəngin irsinin tanıtımı və eləcədə Finlandiya-Azərbaycan əlaqələrinin genişləndirilməsi sahəsində xidmətləri haqqında panel iştirakçılarına məlumat verib. Sonra ADTGT sədri Asif Əsgərli tərəfindən “Azərbaycanın davamlı gənclər siyasəti” və İB-in icraçı direktoru Gülnarə Bağırova tərəfindən isə “Azərbaycanın gender modeli” adlı məruzələr təqdim olunub, ölkəmizin gənclərlə və qadınlarla iş sahəsində uğurlu addımları, Azərbaycanın Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezidenti xanım Mehriban Əliyeva tərəfindən həyata keçirilən dayanıqlı dövlət siyasəti haqqında tədbir iştirakçılarına məlumatlar çatdırılıb”.

Forumun yekununda Azərbaycan gənclər təşkilatı olaraq ADTGT İctimai Birliyi ilə Finlandiya, Latviya, Estoniya, Danimarka və İsveç Krallığının müxtəlif QHT-ları arasında “Skandinaviya, Baltik və Qafqaz QHT-nin Əməkdaşlıq Platforması”nın davamlı əsasda təsis olunmasına və requlyar fəaliyyət göstərməsinə dair Tərəfdaşlıq Anlaşması imzalanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.