BAYRAQDAR MEDİA – Bakı Dövlət Universiteti (BDU) və Yerusəlim İbrani Universiteti (HUJI) “Biotexnologiya” ixtisasının “Bitki biotexnologiyası” ixtisaslaşması üzrə beynəlxalq ikili diplom proqramına qəbul elan edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “magistratura səviyyəsini əhatə edən proqram tələbələrə beynəlxalq təhsil və müasir elmi-tədqiqat mühitində bilik və bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Təhsilini uğurla başa vuran məzunlar həm BDU-nun, həm də Yerusəlim İbrani Universitetinin diplomlarını əldə edəcəklər. Proqramın əsas üstünlüklərindən biri iştirakçıların təhsil və yaşayış xərclərinin dövlət hesabına qarşılanmasıdır. Belə ki, beynəlxalq ikili diplom proqramı Azərbaycan Prezidentinin 22 iyul 2025-ci il tarixli 673 nömrəli “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq dövlət hesabına maliyyələşdirilir”.
Daha sonra xəbərdə, “proqrama “Biologiya”, “Biologiya müəllimliyi”, “Biologiya və gigiyena”, “Biotexnologiya”, “Bitki mühafizəsi”, “Ekologiya”, “Əczaçılıq”, “Fizika”, “Fizika müəllimliyi”, “Kimya”, “Kimya müəllimliyi”, “Kimya mühəndisliyi”, “Qida məhsulları mühəndisliyi”, “Qida mühəndisliyi”, “Su bioehtiyatları və akvabitkilər”, “Su bioehtiyatları və akvakultura” və ya “Tibbi biologiya” ixtisasları üzrə bakalavr dərəcəsinə malik olan və 2026-cı ildə yerli ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunmuş şəxslər müraciət edə bilərlər. Namizədlər üçün əsas tələblərdən biri ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) minimum 80 olmasıdır. Bundan əlavə, müraciət edənlər minimum 6.0 IELTS və ya minimum 89 TOEFL iBT nəticəsinə malik olmalıdırlar. 2026-cı ilin dekabr ayınadək bu sertifikatlardan birini təqdim edəcək namizədlər də proqrama müraciət edə bilərlər” deyə bildirilir.
Qeyd edək ki, 2026/2027-ci tədris ili üzrə ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının nəticələri əsasında aparılır.






İlk şərhi yaza bilərsiniz