BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun maddi-texniki təminatı daha da gücləndirilir və müasir standartlara cavab verən hərbi infrastrukturlar qurulur.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “MN-in rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin istifadəsinə verilən yeni hərbi obyektlərə baxış keçirib. Rəhbər heyətə məruzə olunub ki, Azərbaycanın müxtəlif bölgələrində yeni istifadəyə verilmiş 20-yə yaxın hərbi infrastruktur obyektlərində şəxsi heyətin xidməti-döyüş fəaliyyəti üçün lazımi şərait yaradılıb”.
Sonra xəbərdə, “obyektlərdə yeməkxana, mətbəx, tibb məntəqəsi, yataqxana, silah otağı, məişət otağı, hamam-sanitar qovşağı, qazanxana və su təchizatı kompleksi, eləcə də ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur. Binalar kommunal xidmət sistemləri və kommunikasiya xətləri, o cümlədən yanğın əleyhinə siqnalizasiya ilə təchiz edilib. İnfrastrukturlar bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub” deyə bildirilir.
General-polkovnik Zakir Həsənov Azərbaycanın hava məkanının fasiləsiz müdafiəsi, bununla yanaşı HHM bölmələrində keçirilən təlim və məşqlər zamanı arsenala yeni daxil edilmiş müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi, onların döyüş şəraitində effektiv tətbiqi qaydalarının mənimsənilməsi barədə Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar verib.






İlk şərhi yaza bilərsiniz