BAYRAQDAR MEDİA – Iğdır Universiteti elm və texnologiyanı cəmiyyətə daha da yaxınlaşdırmaq məqsədilə “Elm Kafe” layihəsi çərçivəsində “Süni intellekt, proqram təminatı və insan” mövzusunda maarifləndirici tədbir keçirib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, Ali Təhsil Şurası (YÖK) və Elm Kommunikasiyası Ofisinin (BİO) birgə təşkilatçılığı ilə baş tutan tədbir Iğdır Millət Bağında açıq havada təşkil olunub. Görüşdə universitetin rəhbərliyi, akademik heyəti, tələbələr və çoxsaylı şəhər sakinləri iştirak ediblər. Panelə moderatorluğu müəllim Hakan Bakar edib, məruzəçi qismində isə dosent Gültekin Işık, müəllim Fevzi Daş və kompüter mühəndisliyi ixtisasının məzunu Ayberk Caf çıxış ediblər.
Müzakirələrdə rəqəmsallaşmanın və süni intellekt texnologiyalarının insan həyatına gətirdiyi yeniliklər, imkanlar və məsuliyyətlər ətrafında fikir mübadiləsi aparılıb. Universitetin rektoru professor Ekrem Gürel ali məktəblərin yalnız təhsil və tədqiqat mərkəzləri deyil, həm də əldə olunan elmi bilikləri cəmiyyətlə bölüşmək missiyası daşıdığını vurğulayıb.
Tədbir iştirakçıların suallarının cavablandırılması və məruzəçilərə təşəkkürnamələrin təqdim olunması ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz