BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi, bitki sağlamlığı, heyvan sağlamlığı və ictimai sağlamlıq sahələrində gələcəyin peşəkar mütəxəssislərinin hazırlanmasına yönəlmiş “Vahid Sağlamlıq” Mentorluq Proqramına müraciətlərin qəbulunu elan edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTİ-dən daxil olub.
Xəbərdə deyilir ki, “bu sahələrdə təhsil alanlar, bilik və bacarıqlarını inkişaf etdirmək, ölkənin aparıcı mütəxəssislərindən öyrənmək və peşəkar inkişaf yolunda yeni imkanlar qazanmaq istəyənlər bu proqramda iştirak edə bilər. Proqramın məqsədi “Vahid Sağlamlıq” (One Health) yanaşmasının təşviqi, iştirakçıların nəzəri və praktiki biliklərinin artırılması və gələcəkdə bu sahələrdə aparıcı rol oynaya biləcək yüksək ixtisaslı insan kapitalının formalaşdırılmasına töhfə verməkdir”.
Ardınca xəbərdə, “Mentorluq Proqramına seçilən iştirakçılar AQTİ-nin rəhbər heyəti və ölkənin aparıcı ekspertləri ilə birbaşa ünsiyyət və mentorluq imkanı əldə edəcəklər; qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, eləcə də ictimai sağlamlıq istiqamətlərində aktual mövzular üzrə biliklərini inkişaf etdirəcəklər; idarəçilik, elmi yanaşma və qlobal çağırışlar üzrə praktiki təcrübə və tövsiyələr qazanacaqlar; peşəkar əlaqələrini genişləndirərək gələcək karyera inkişafı üçün yeni imkanlar əldə edəcəklər. Proqramın müddəti 12 həftə, başlanğıc tarixi isə 15 sentyabr 2026-cı ildir. Müraciətlər 5–25 avqust tarixlərində qəbul edilir” deyə qeyd olunur.
Proqrama müraciətlər kompleks qiymətləndirmə əsasında dəyərləndiriləcək. Namizədlərin təhsil göstəriciləri, motivasiya məktubu və digər təqdim etdikləri məlumatlar ilkin mərhələdə qiymətləndiriləcək. İlkin qiymətləndirmənin nəticələrinə əsasən müsahibə mərhələsinə seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Ətraflı məlumatla linkdən tanış olmaq mümkündür.






İlk şərhi yaza bilərsiniz