BAYRAQDAR MEDİA – Mən o ağır günlərin milyonlarla şahidindən biriyəm. Yadımdadır, Azərbaycan müstəqilliyə qədəm qoyanda işğalçı Rusiyanın paytaxtı Moskva təbliğat aparırdı ki, “bizsiz batacaqsınız”. İddia edilirdi ki, Azərbaycan və digər respublikalar Moskva olmadan yaşaya bilməyəcək. Özü də bunu sadəcə söz olaraq deyib durmurdular. Ardınca əməllər də gəlirdi. Ölkədə siyasi və iqtisadi sabotaj baş alıb gedirdi. Hakimiyyətlər zor gücünə dəyişdirilir, etnik bölücülük körükləndirilir, dinçi radikallar təşviq edilirdi. Özü də bu prosesdə sadəcə Moskva deyil, Tehran və bənzər mərkəzlər də sinxron hərəkət edirdi…
Amma bir faktoru hesaba almamışdılar: böyük dövlət adamı, təcrübəli siyasətçi və qətiyyətli lider Heydər Əliyevi!
Bəli, məhz onun 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtması Moskvanın, Tehranın, ermənilərə bağlı mərkəzlərin ən çirkin planlarını alt-üst elədi!
Heydər Əliyev hakimiyyətə qayıdan kimi xalqı birləşdirmək üçün Azərbaycançılıq ideologiyasını bəyan etdi. Ardınca da etnik və dinçi bölücülərə qarşı amansız mübarizəyə başladı. Çox qısa müddətdə Heydər Əliyevin qətiyyəti bu ünsürləri darmadağın etməklə nəticələndi.
İkinci əsas və təcili həll ediləcək məsələ isə bərbad gündə olan iqtisadiyyatı qurmaq, xalqı aclıqdan xilas etmək idi. Heydər Əliyev bunu da bacardı!
1994-cü ilin mayında Bişkekdə Azərbaycanla Ermənistan arasında atəşkəs protokolu imzalandı, fəal hərbi əməliyyatlar dayandırıldı. Bu da dövlətimizə nəfəs dərməyə, digər məsələlərin həllinə daha çox vaxt və vəsait ayırmağa imkan verdi. Elə həmin ilin 20 sentyabrında Bakıda “Əsrin müqaviləsi” imzalandı, dünyanın ən aparıcı neft şirkətləri Azərbaycan neft yataqlarının işlənməsinə cəlb edildi.
Bunun ardınca ölkəyə xarici valyuta axmağa başladı. Çoxsaylı iş yerləri açıldı, çörək qıtlığı aradan qaldırıldı, artıq sabitlik mərhələsi başlandı.
Ulu Öndər Heydər Əliyevin atdığı təməllər üzərində Prezident İlham Əliyev də eyni kursu davam etdirdi. Özü də atılan təməllərin möhkəmliyi hesabına bu kurs daha sürətli və dayanıqlı oldu.
Azərbaycan bir neçə ilin içində neftdən gələn böyük pullar hesabına nəinki iqtisadiyyatını qurmağı bacardı, üstəlik də atəşkəsdən istifadə edərək yeni ordu quruculuğuna böyük vəsaitlər ayırdı. Düzdür, bu prosesdə də Moskva boş durmadı, ordu içində təxribatlar, milli vətənpərvərlik ruhunun baltalanması üçün əlindən gələni etdi. Amma qazanan tərəf yenə də Azərbaycan oldu.
Və sonra…
Sonra Azərbaycan dünyanın çox məşhur bir dövlətinə çevrildi. Ən böyük mərkəzlər, dövlətlər Azərbaycanla daha yaxın olmağa can atdılar. Elə bir durum yetişdi ki, artıq millət olaraq Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşib mümkünsüzü mümkün edə biləcək gücə sahibləndik!
Belə bir əlverişli şərait yaranmışkən işğalçı Ermənistan yenə də təxribatlarından qalmadı, Azərbaycanı yeni savaşa sürükləməyə başladı. 2016-cı ilin aprel döyüşləri, 2020-ci ilin avqust təxribatı Azərbaycan xalqının səbrini tükəndirdi, millət ayağa qalxaraq Ali Baş Komandandan hücum əmri tələb etdi!
Sonra isə Ermənistan Azərbaycanın təmkinli davranışını düzgün dəyərləndirməyi bacarmayaraq yeni torpaqlar işğal etmək üçün 2020-ci il sentyabrın 27-də səhər saatlarında hücuma keçdi. Artıq bıçaq sümüyə dirənmişdi, xalq bu dəfə də Ali Baş Komandanın ətrafında tək yumruq oldu, əks hücum başladı!
Millət olaraq 44 gün içində işğalçı Ermənistanı dizə gətirdik. Sonrakı mərhələdə də Prezident, artıq Müzəffər Ali Baş Komandan adı qazanmış İlham Əliyev yenə təmkinli davrandı, kapitulyasiya aktına imza atmış Ermənistana Qarabağda qalmış bölücü və terrorçu ünsürləri dinc yolla çıxarmaq üçün şans tanıdı. Amma düşmən bu dəfə də Azərbaycanın mövqeyini düzgün dəyərləndirmədi. Hətta bölgədə olan Rusiya sülhməramlı kontingenti bölücü və terrorçu erməniləri silahlandırmağa, yeni canlı qüvvə toplamağa yardımlar etdi. Təəssüf ki, bu prosesdə özünü islam respublikası elan etmiş qonşu İran da boş dayanmadı…
44 günlük savaşdan sonrakı 3 ilə yaxın müddətdə bəlli oldu ki, Ermənistan və onun havadarları Qarabağda 17 min nəfərlik ordu qurublar. Özü də əməllicə silahlanmış bir ordu! Bu isə o demək idi ki, işğalçılar və onların havadarları Azərbaycana qarşı, özü də onun öz torpaqlarında yeni savaşa hazırlaşır!
Əlbəttə, belə bir durum vaxtında düzgün dəyərləndirildi, Ermənistana və havadarlarına dinc yolla bu pis niyyətdən əl çəkməsi üçün çağırışlar edildi. Amma yenə də bunu Azərbaycanın zəifliyi kimi qəbul etdilər…
Və o gün gəldi! 2023-cü il sentyabrın 19-da Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə lokal anti-terror əməliyyatına başlamaq məcburiyyətində qaldı! Bir sutkadan da az çəkən əməliyyat minlərlə döyüşçü toplamış, əməllicə silahlanmış bölücü, terrorçu, işğalçı erməniləri dizə gətirməyə yetdi! Sutka tamam olmamış ermənilər və havadarları ağ bayraq qaldırıb Azərbaycandan aman diləməli oldular!
Sonrakı mərhələdə isə 5 il tamam olmadan Rusiya sülhməramlıları da Azərbaycan torpaqlarından çəkilib getməli oldu…
İndi Azərbaycan dünyanın ən qüdrətli dövlətlərindən biri kimi qəbul edilir. Yer kürəsinin tək və alternativsiz qlobal gücü olan ABŞ və onun Prezidenti Donald Tramp belə Azərbaycanla, onun Prezidenti İlham Əliyevlə bərabər səviyyəli münasibətlərə üstünlük verir. Digər böyük dövlətlər də həmçinin!
Bu gün Azərbaycan Avropa Birliyi ölkələri üçün enerji təhlükəsizliyi kəməri rolunu oynayır. Eyni zamanda həm bölgəmizdə, həm də dünyada gedən proseslərdə İlham Əliyevin sözü, onun başçılıq etdiyi dövlətin mövqeyi mütləq diqqətə alınır!
Ümumiyyətlə bir zamanlar Ulu Öndər Heydər Əliyevin uğurla əsasını qoyduğu sentyabr hərəkatı sonrakı dövrdə də Azərbaycan tarixinin ən uğurlu tarixi günləri ilə zənginləşdirildi.
20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı, 27 sentyabr 2020-ci ildə Vətən torpaqlarının uzunmüddətli işğaldan azad edilməsi prosesi başladıldı, 19-20 sentyabr 2023-cü ildə müstəqillik tarixində ilk dəfə Azərbaycanın bütün ərazilərində suverenlik tam təmin edildi!
Və Moskvanın “biz olmasaq batarsınız” iddiaları da beləcə suya düşmüş oldu!
Müzəffər Ali Baş Komandan İlham Əliyev və bu Vətən üçün canlarını fəda etmiş minlərlə şəhidimizə, bu yolda fədakarlıq etmiş 10 minlərlə hərbçimizə minnətdarlıq hissi ilə Dövlət Suverenliyi Günümüz mübarək olsun!






İlk şərhi yaza bilərsiniz