BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “Xankəndi şəhəri, Xankəndinin Kərkicahan qəsəbəsi, Xocalı rayonunun Təzəbinə, Xanyurdu, Xanabad və Ballıca kəndləri, Ağdərə rayonunun Vəngli, Çapar, Aşağı Oratağ kəndləri və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xankəndi şəhərinə 3 ailə – 13 nəfər, Xankəndinin Kərkicahan qəsəbəsinə 5 ailə – 22 nəfər, Xocalının Təzəbinə kəndinə 7 ailə – 31 nəfər, Xanyurdu kəndinə 5 ailə – 22 nəfər, Xanabad kəndinə 2 ailə – 10 nəfər, Ballıca kəndinə 1 ailə – 4 nəfər, Ağdərənin Vəngli kəndinə 4 ailə – 14 nəfər, Çapar kəndinə 4 ailə – 11 nəfər, Aşağı Oratağ kəndinə 4 ailə – 9 nəfər, Cəbrayılın Şükürbəyli kəndinə isə 24 ailə – 148 nəfər köçürülüb”.
Ardınca xəbərdə, “doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqları işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərə rəhmət diləyiblər” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz