BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyi (FHN) səlahiyyətlərinə uyğun olaraq ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “bu çərçivədə, baş vermiş yanğın hadisələrinin təhlili göstərir ki, qeydiyyata alınan yanğınların bir hissəsi də kənd və qəsəbələrdə fərdi yaşayış evlərinin həyətyanı sahələrində yığılmış ot tayalarının payına düşür. Nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən tədarük edilən otun yaşayış evləri və yardımçı tikililərin çardağına, eləcə də tikililərin bilavasitə yaxınlığına, hava elektrik xətlərinin altına yığılması hallarına rast gəlinir. Bununla da yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud şəkildə pozulur ki, nəticədə ağır fəsadlara səbəb olan yanğın hadisələri baş verir. Belə ki, kənd yerlərində geniş istifadə olunan təndirdən, habelə sobaların tüstü bacasından çıxan ani qığılcım, elektrik naqillərində baş verən qısaqapanma, odla ehtiyatsız davranma, o cümlədən ətrafa atılan sönməmiş siqaret kötükləri, nəzarətsiz qalan uşaqların odla oynaması və digər səbəblər tez alışma xassəsinə malik olan ot tayasının asanlıqla yanmasına və sonda acı nəticələrə gətirib çıxarır”.
Daha sonra xəbərdə, “təkcə bir faktı demək kifayət edər ki, yalnız cari ilin sentyabr ayının geridə qalan günləri ərzində bu qəbildən olan 22 yanğın faktı qeydə alınıb. Qeyd olunanlarla bağlı FHN kənd yerlərində yaşayan, o cümlədən ot tədarükü ilə məşğul olan vətəndaşlara müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırıb. Xüsusilə nəzərə alınmalıdır ki, mövcud normalara əsasən ot tayası ilə tikililər arasında ən azı 50 metr, elektrik xətlərindən 15 metr, avtomobil yollarından isə 20 metr yanğına qarşı ara məsafələri gözlənilməlidir” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz