BAYRAQDAR MEDİA– “Vətəndaş üçün əsas məsələ məktubuna cavab verilib-verilməməsi deyil. Əsas məsələ onun nə dərəcədə dinlənilməsi, qaldırdığı məsələnin araşdırılması və verilən cavabın problemin mahiyyətinə uyğun olub-olmamasıdır”.
Bunu “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev vətəndaş müraciətlərinə baxılması mövzusunda keçirilən ictimai müzakirənin açılışında bildirib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən tədbir “Vətəndaş müraciətlərinə baxılmasının monitorinqi: şəffaflıq, cavabdehlik və innovasiyalar” layihəsi çərçivəsində təşkil olunub.
Ə.Nuriyev qeyd edib ki, vətəndaş müraciətlərinə baxılması yalnız sənədin qeydiyyata alınması və cavablandırılması ilə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, müraciətlərin arxasında həllini gözləyən problemlər dayanır və vətəndaşın əsas gözləntisi məsələsinin mahiyyətinə uyğun araşdırılmasıdır.
Bildirilib ki, monitorinq çərçivəsində dövlət qurumlarına 19 sualdan ibarət sorğu göndərilib və cavab təqdim edən qurumların məlumatlarına əsasən, əhatə olunan dövrdə 1 milyon 289 min 912 vətəndaş müraciəti qeydə alınıb. Araşdırma zamanı 33 məsul əməkdaşla müzakirələr aparılıb, üç fokus qrup və 10 dərinləşdirilmiş müsahibə keçirilib.
Fond rəhbəri elektron müraciət imkanlarının genişləndirilməsi və çağrı mərkəzlərinin yaradılmasının əlçatanlığı artırdığını, lakin bəzi yerli qurumlarda kağız kargüzarlığının hələ də üstünlük təşkil etdiyini bildirib. Onun sözlərinə görə, müraciətlərin bir qurumdan digərinə yönləndirilməsi də vaxt itkisinə və təkrar müraciətlərə səbəb olur.
Ə.Nuriyev Türkiyə, Qazaxıstan, Gürcüstan və Litvanın müraciət sistemləri üzrə təcrübələrinin araşdırıldığını, həmçinin süni intellektin müraciətlərin təsnifatı, təhlili və düzgün istiqamətləndirilməsində tətbiqinin mümkün olduğunu qeyd edib. Bununla yanaşı, vətəndaşa verilən qərar və cavablara görə məsuliyyətin konkret şəxslərdə qalmasının vacibliyini vurğulayıb.
Sonda dövlət qurumları, ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri müraciətlərə baxılması mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı açıq müzakirəyə dəvət olunublar.






İlk şərhi yaza bilərsiniz