BAYRAQDAR MEDİA – Sentyabrın 23-də Azərbaycan Texniki Universiteti (AzTU) ilə Mingəçevir Dövlət Universiteti (MDU), eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Sumqayıt Dövlət Universiteti (SDU) arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən daxil olub.
Xəbərdə deyilir ki, “beş il müddətinə nəzərdə tutulan müqavilələrin əsas məqsədi ali təhsil müəssisələri arasında təhsil, elm, innovasiya və texnologiyaların transferi sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə mütəxəssis hazırlığının təşkili və elmi-tədqiqat fəaliyyətinin inkişaf etdirilməsidir. Müqavilələr çərçivəsində elektrik və elektronika mühəndisliyi, energetika mühəndisliyi, kimya mühəndisliyi və mexanika mühəndisliyi də daxil olmaqla, müxtəlif ixtisaslar üzrə tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, tələbələrin tərəfdaş universitetlərdə müəyyən müddət təhsil almalarına şərait yaradılması, birgə təhsil və tədqiqat proqramlarının təşkili nəzərdə tutulur”.
Ardınca xəbərdə, “əməkdaşlıq, həmçinin, tədrisin keyfiyyətinin yüksəldilməsi, yüksək ixtisaslı mühəndis kadrların hazırlanması, universitetlərin elmi və texnoloji potensialının gücləndirilməsi, mövcud infrastruktur və innovasiya imkanlarından qarşılıqlı istifadənin təmin edilməsi istiqamətlərini əhatə edir. Bununla yanaşı, tərəflər sənaye-universitet əməkdaşlığının inkişaf etdirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və beynəlxalq layihələrdə birgə iştirak imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcəklər” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz