BAYRAQDAR MEDİA – “8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının müasir tarixində yalnız hərbi qələbənin deyil, həm də milli iradənin, siyasi qətiyyətin və dövlətçilik gücünün təntənəsidir”.
Bunu BAYRAQDAR MEDİA-ya siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.
Politoloq qeyd edib ki, 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüş nöqtəsi oldu: “Şuşanın azad edilməsi isə bu mübarizənin həm hərbi-strateji, həm də mənəvi baxımdan zirvəsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və hərbi strategiya, Azərbaycan Ordusunun peşəkarlığı, xalqın nümayiş etdirdiyi birlik uzun illər davam edən işğala son qoyulmasında həlledici rol oynadı. Bu Zəfər eyni zamanda beynəlxalq münasibətlər sistemində mühüm bir reallığı ortaya qoydu: Azərbaycan öz suveren hüquqlarını təmin etmək üçün siyasi iradəyə, hərbi gücə və diplomatik imkanlara malik dövlətdir. 2023-cü ilin sentyabrında Azərbaycanın bütün ərazilərində suverenliyinin tam bərpa edilməsi isə 2020-ci ildə başlanmış tarixi prosesin məntiqi tamamlanması oldu”.
“Bu gün Zəfər Gününün əhəmiyyəti yalnız keçmişdə qazanılmış qələbə ilə məhdudlaşmır. Artıq Azərbaycan qarşısında dayanan əsas strateji vəzifə hərbi qələbənin nəticələrini davamlı siyasi, iqtisadi və diplomatik uğurlara çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, yeni nəqliyyat və enerji infrastrukturlarının yaradılması Zəfərin real nəticələridir” – deyə o əlavə edib.
Z.Qarayeva həmçinin söyləyib ki, Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi reallıqlar regionda sülhün və əməkdaşlığın gələcək perspektivlərini müəyyənləşdirir: “Ermənistanla münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması artıq Azərbaycanın yaratdığı yeni təhlükəsizlik mühitində müzakirə olunur. Bu baxımdan Zəfər Günü təkcə torpaqlarımızın azad edilməsinin deyil, Azərbaycanın regionun siyasi gələcəyinə təsir göstərən güclü və suveren dövlət kimi mövqeyinin möhkəmlənməsinin rəmzidir. Ən əsası isə bu tarixi qələbəni mümkün edən şəhidlərimizin əziz xatirəsi və qazilərimizin fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq”.






İlk şərhi yaza bilərsiniz