Press "Enter" to skip to content

Məmməd Talıbov etimadnaməsini Qvatemala Prezidentinə təqdim edib

Son yeniləmə: 17 Dekabr 2021 09:58

Bayraqdar.info – Azərbaycanla Qvatemala arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində davamlı təmaslar mövcuddur. Bu barədə Azərbaycanın Qvatemaladakı səfiri Məmməd Talıbovun etimadnaməsini bu ölkənin Prezidenti Alexandro Ciammateiyə təqdim edərkən bildirilib.

Bu barədə bayraqdar.info-ya dekabrın 17-də ölkəmizin Meksikadakı səfriliyindən məlumat verilib.

Bildirilib ki, mərasim zamanı M.Talıbov ilk olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və ən xoş arzularını Prezident A.Ciammateiyə çatdırıb. Öz tərəfindən təşəkkürünü bildirən Qvatemala dövlət başçısı onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Sonra M.Talıbov 9 dekabr tarixində Meksikanın Çiapas ştatında baş vermiş və əksəriyyəti qvatemalalı vətəndaşlar olmaqla 55 nəfərin ölümü ilə nəticələnmiş yol-nəqliyyat qəzasına görə Azərbaycan hökuməti adından başsağlığı diləklərini çatdırıb.

Görüşdə iki ölkə arasında səmərəli dialoq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin mövcud olduğu bildirilib. Bu xüsusda cari ilin 23 sentyabr tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası zamanı xarici işlər naziri Ceyhun Bayramov ilə qvatemalalı həmkarı Pedro Brolo Vila arasında baş tutmuş görüşdə ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi məsələsinin müzakirə olunduğu qeyd edilib.

Bununla yanaşı, iki ölkə arasında parlamentlərarası, humanitar, mədəniyyət, təhsil, habelə iqtisadi-ticari və qarşılıqlı sərmayə qoyuluşu üzrə önəmli potensialın olduğu bildirilib. Bu xüsusda qvatemalalı şirkətlərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işlərində iştirakı imkanlarının nəzərdən keçirilə biləcəyi söylənilib.

Mərasimdə iştirak edən Qvatemala xarici əlaqələr naziri P.B.Vila cari ilin sentyabr ayında nazir C.Bayramovla Nyu-Yorkdakı görüşü zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müşahidə olunan kütləvi dağıntılar barədə ona ətraflı məlumat verildiyini, bu durumun dərin təəssüf doğurduğu kimi hazırda orada aparılan intensiv quruculuq işlərinin də son dərəcə təqdirəlayiq olduğunu vurğulayıb.

M.Talıbov Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazilərinin uzun illər Ermənistanın hərbi işğalı altında olduğu dönəmdə Qvatemalanın məsələdə beynəlxalq hüquqa söykənən mövqedən çıxış etməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

M.Talıbov həmçinin Azərbaycanın Qoşulmama Hərəkatının hazırkı sədri qismində COVİD-19 pandemiyası ilə effektiv mübarizə və peyvəndlərə bərabər əlçatanlığın təmin edilməsi məsələsində xüsusi fəallıq göstərdiyini deyib. Bu konteksdə təşkilata üzv dövlətlərin peyvəndlərə olan tələbatı haqda ÜST və beynəlxalq donor qurumların məlumatlandırılması məqsədilə bu tələbatın öyrənilməsi üçün QH üzv dövlətlərinə müvafiq sorğu göndərdiyini qeyd edib.

Görüşün sonunda ölkəmizə sülh və əmin-amanlıq arzu edən Prezident A.Ciammatei M.Talıbovu Qvatemalada səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mission News Theme by Compete Themes.