Press "Enter" to skip to content

Türkiyədə qışda dincəlmək üçün ideal məkanlardan biri

Burada hər şey əladır

Son yeniləmə: 13 Fevral 2024 11:17

Azərbaycanlı turistlərə tövsiyə – Uludağ Kayak Mərkəzində səyahətinizi yaddaqalan edəcək hər cür imkanlar var

BAYRAQDAR MEDİA – Türkiyədə qış mövsümünün başlanması ilə qardaş ölkənin mərkəzi, quzey və doğu bölgələri turistlər üçün soyuq aylarda gözəl fürsətlər təklif edir. Qarlı dağlarda Türkiyənin qış turizmi imkanlarını təmsil edən xizək mərkəzləri də onlar arasındadır. Bu sadalananlar fonunda turistlər üçün qışda ideal məkanlardan biri də Bursanın güney-batısında yerləşən Uludağ Kayak Mərkəzidir.

Uludağ Kayak Mərkəzi
Uludağ Kayak Mərkəzi

Bu Mərkəz haqqında məlumat verməzdən öncə xatırladaq ki, Azərbaycanın media təmsilçilərinin qardaş ölkənin Bursa şəhərinə səfəri başlayıb. Dörd gün davam edəcək səfərdə məqsəd Türkiyənin mədəniyyət və turizm imkanları barədə məlumat əldə etmək və bunu Azərbaycan xalqına çatdırmaqdır.

Media təmsilçilərinin Bursa səfəri

Səfərdə Azərbaycandan BAYRAQDAR MEDİA baş redaktorunun müavini Nadir Azəriteleqraf.com saytının redaktoru Qurban Yaquboğlu iştirak edir. Bundan başqa Səudiyyə Ərəbistanından olab jurnalist, “Sabq”elektron qəzetinin baş redaktorunun müavini Şaqran Saad Əl Rəşidi  də Türkiyənin qış turizmi imkanları ilə tanış olmaq üçün dəvət edilənlər arasındadır.

Məlumat üçün bildirək ki, səfər Türkiyənin Kültür və Turizm Bakanlığının təşkilatçılığı və Türkiye Turizm Tanıtım ve Geliştirme Ajansının (TGA) dəstəyi ilə reallaşır.

Gözəl, mənalı və zəngin səfər porqramı

Beləliklə, səfərin ikinci günü bələdçimiz Arzu Toramanın müşayəti ilə müşahidələrə başladıq və qiymətli məlumatlar əldə etdik. Bu məqamda vurğulayım ki, səfərin təşkilatçıları, bizi müşahidə edən heyət, o cümlədən Arzu xanım bizlər üçün gözəl, mənalı və zəngin bir porqram hazırlayıblar. Buna görə Arzu xanımın timsalında bütün heyətə təşəkkür edirik. Dəyərli oxucularımızın diqqətinə onu da çatdıraq ki, Arzu Toraman təkcə turizm bələdçisi kimi deyil, digər sahələrdə də məhsuldar fəaliyyəti ilə seçilir. Bu barədə ondan BAYRAQDAR MEDİA üçün aldığımız özəl müsahibədə ərtaflı bəhs edəcəyik.

Bələdçimiz Arzu Toraman (sagdan birinci) və heyət üzvlərinin xatirə fotosu
Bələdçimiz Arzu Toraman (sagdan birinci) və heyət üzvlərinin xatirə fotosu

Hələlik isə bildirək ki, tarixi məkanları, mədəniyyəti, bənzərsiz gözəlliklər və zəngin mətbəxi ilə fərqlənən qardaş Türkiyəni ziyarət etmək hər bir turist üçün unudulmaz anlarla yadda qalır. Bu sırada Bursa xüsusilə fərqlənir, desək heç də yanılmarıq. Bələdçimizin də qeyd etdiyi kimi Bursa tarixi hamamları, gözəl mənzərələri və mədəni ləzzətləri ilə hər kəsin zövqünü oxşayır. İstanbuldan avtomobillə cəmi 3 saatlıq məsafədə yerləşən Bursa, həftə sonu qısa və şirin bir istirahət axtaranlar arasında getdikcə daha da məhşurlaşır.

Uludağ Türkiyənin sevimli qış idman mərkəzlərindən biridir

Bursa barədə gələcək yazılarımzda geniş məlumat verəcəyik. İndi sadəcə onu vurğulayaq ki, qardaş ölkənin ən məhşur turizm mərkəzlərindən biri olan Uludağ Kayak Mərkəzi də məhz Bursada fəaliyyət göstərir.

A.Toramanın sözlərinə görə, Bursadan 36 km güneydə yerləşən Uludağ qardaş ölkənin sevimli qış idman mərkəzlərindən biridir: “Uludağın flora və fauna zənginliyi ona milli park statusu verib. Bura təkcə qış turizm zonası kimi baxmaq düzgün deyil. Çünki burada yayda da gözəl istirahıt etmək üçün hər cür imkanlar mövcuddur. Konkret olaraq Uludağ xizək kurortunda heli-xizək, snoubord, buz konkisi və qar velosipedi də təklif olunur”.

Uludağ Kayak Mərkəzi öz imkanlarını turistlərə təqdim edir
Uludağ Kayak Mərkəzi öz imkanlarını turistlərə təqdim edir

Vurğulandı ki, ziyarətçilər Uludağ milli parkına avtomobil yolu və kanat yolu ilə gələ bilərlər: “Əgər siz şəxsi avtomobillə səyahət edirsinizsə, Çekirge yolu ən asan yoldur. Qış aylarında sürücülər ehtiyar üçün kirayə və ya satış üçün mövcud olan qar zəncirləri, takozlar və yedək iplər götürməlidirlər. Əgər ictimai nəqliyyatla gəlsəniz bilməlisinz ki, Bursadan Uludağın zirvəsinə mikroavtobuslar qışda hər saatdan bir yola düşür və təxminən 90 dəqiqəyə mənzil başına çatır. Həmçinin, Uludağa gedən kanat yolu dörd hissəyə bölünür: ikisi Bursa və Kadı yaylaları (1235 m) və ikisi Kadı və Sarı Alan (1621 m) arasındadır. Hər bir xəttdə 30 nəfərlik kabin var (kabel vaqonlarında xizək avadanlıqları qadağandır) və hər 20 dəqiqədən bir yola düşür”.

Batı Anadolunun ən hündür dağı

Bizə o da bəlli oldu ki, Uludağ batı Anadolunun ən hündür dağıdır. Onun zirvəsi olan Qara təpənin hündürlüyü 2543 metrdir. Uludağ meşələrlə örtülüdür və bölgədə üstünlük təşkil edən güney/güney-batı küləyi ilə qismən mülayim iqlim hökm sürür.

Buradakı xizək sahəsi 1750 ilə 2543 m arasında hündürlükdə yerləşir. Buraya ziyarət üçün ən yaxşı mövsüm dekabrın sonundan martın sonuna qədərdir.

A.Toramanın sözlərinə görə, Uludağ həm də otellər diyardıdır. Burada 27 mehmanxana fəaliyyət göstərir. Otellərdə ticarət zalları, restoranlar, kafe və barlar, əyləncə obyektləri və sağlamlıq mərkəzləri var. Xizək avadanlıqlarının icarəsi və təlimatçılar mövcuddur.

Uludağ Kayak Mərkəzində yeddi T-bar və 13 müxtəlif enişli xizək mərkəzi var. Burada xizək avadanlıqlarının icarəsi və peşəkar təlimatçılardan dərslər təklif edir. Bundan əlavə, Uludağ Kayak Mərkəzində heli-xizək, snoubord, buz konkisi və qar velosipedi üçün treklər də var”.

Media təmsilçilərinin qar velosipedi kefi

Yazının bu yerində, konkret olaraq özümüzdən, yəni səfərdə olan media təmsilçilərindən bəhs etmək istərdik.

Bu dəfə sükan arxasında həmkarım Qurban Yaquboğlu oturmuşdu
Bu dəfə sükan arxasında həmkarım Qurban Yaquboğlu oturmuşdu

Yuxarıda qeyd etdik ki, səfərdə iştirak edən media təmsilçiləri üçün gözəl, mənalı və zəngin bir porqram hazırlanıb. Bu maraqlı porqrama media təmsilçilərinin qar velosipedi kefi də daxildir. Bəli, “kef” sözünü heç də təsadüfən işlətmədik. Bu sadəcə bir qar velosipedi gəzintisi deyildi.

Yolboyu bir neçə dəfə qar velosipedləri dayandırılır, fotolar çəkilir, maraqlı məlumatlar verilirdi. Əslində, bura dincəlmək üçün gələn hər bir turist üçün bu cür ideal imkanlar təqidm edilir.

Səudiyyəli qonaqlar da proqramdan razı qaldılar
Səudiyyəli qonaqlar da proqramdan razı qaldılar

Biz də bu imkanlardan yararlandıq və yəqin ki, həmin gözəl anların xatirəsi hələ uzun müddət yaddaşımızda öz yerini qoruyacaq.

Bir qədər də Karinna otel barədə

Yuxarıda qeyd etdik ki, Uludağda 27 otel var. Onlardan biri də bizim qaldığımız və Uludağın zirvəsində yerləşən Karinna oteldir (Karinna Hotel Convention Center & Spa).

Bu otel xizək və snoubord həvəskarlarına seçkin memarlığı və üstün xidmət yanaşması ilə gözəl qış tətili imkanları təqdim edir.

Karinna Hotel Convention Center & Spa
Karinna Hotel Convention Center & Spa

Qeyd edildiyi kimi rahatlıq və dinclik axtaranlar üçün nəzərdə tutulmuş Karinna Hotel Convention Center & Spa hər bir qonağın rahatlığı və məmnunluğu üçün fərdi yanaşmaları olan bir dağ otelinin malik olduğu imkanlardan daha çoxunu təklif edir.

Uludağ İkinci Otellər Bölgəsində yerləşən, dünya səviyyəli xizək və snoubord mərkəzi olaraq xidmət edən Karinna Hotel Convention Center & Spa qış idmanı həvəskarlarının vazkeçilməz görüşmə nöqtəsidir.

Zəngin və dadlı mətbəx

Səfərin ikinci günü ilə bağlı yazıya son nöqtəni qoymazdan öncə onu da vurğulayaq ki, buranı yaddaqalan edən başqa bir məqam isə zəngin və dadlı mətbəxidir.

Turistlərə zəngin mətbəx nümunələri təqdim edilir
Turistlərə zəngin mətbəx nümunələri təqdim edilir

Burada dincələn turistlər müxtəlif çeşidli yeməkləri dadmaqla yanaşı, Türkiyənin tarixi mətbəx nümunələri ilə də tanış ola bilirlər.

Aşbazlar da gülərüz və mehribandırlar
Aşbazlar da gülərüz və mehribandırlar

Yerli mətbəx nümunələri, yəni ayrı-ayrı bölgələr xas yeməklərin təqdim edilməsi də bu otelə gələnlərdə gözəl hisslər oyadır.

Bakı – Bursa – Uludağ

Mission News Theme by Compete Themes.