“Zəfər yurdu ilə zərif nəğmələr” adlı konsert proqramı keçirilib
BAYRAQDAR MEDİA – Martın 4-də Azərbaycan Milli İncəsənət Muzeyində “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Zəfər yurdu ilə zərif nəğmələr” adlı konsert proqramı keçirilib. Tədbir 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan xanımlarına həsr olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.

Məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb: “Daha sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib. Konsert proqramının açılış nitqi ilə çıxış edən İctimai Birliyin sədri Turanə Orucova ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla bütün Azərbaycan xanımlarını səmimi qəlbdən təbrik edib. O, çıxışında Azərbaycanda mədəniyyət və incəsənətin inkişafından, qadınların cəmiyyətimizdəki rolundan, onların zərifliyi ilə yanaşı zəfər ruhlu, güclü və qürurlu mövqeyindən bəhs edərək xanımlara ən xoş arzularını çatdırıb”.

Məlumata deyilir ki, sonra Milli Məclisin deputatı Pərvanə Vəliyeva çıxış edərək Azərbaycan xanımlarını təbrik edib, incəsənətin dili ilə musiqimizin müxtəlif sahələrində qadınların rolundan və gücündən danışıb.

Ardınca Milli Məclisin deputatı Ceyhun Məmmədov mədəniyyət və incəsənətin cəmiyyətin formalaşmasındakı əhəmiyyətini vurğulayıb, Azərbaycan xanımlarının ölkəmizin inkişafındakı xidmətlərini xüsusi qeyd edərək onları təbrik edib”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə öz çıxışında Azərbaycan xanımlarını təbrik edib. Millət vəkili “Zəfər yurdu ilə zərif nəğmələr” konsert proqramının həyata keçirilməsini yüksək qiymətləndirərək, “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyini uğurlu fəaliyyəti münasibətilə təbrik edib.

Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nəğıyev çıxış edərək Azərbaycan xanımlarına xoş arzularını çatdırıb.
Məlumata əsasən, “rəsmi hissədən sonra tədbir zəngin və yüksək səviyyədə hazırlanmış bədii proqramla davam edib. “Zəfər yurdu ilə zərif nəğmələr” konsert proqramında səsləndirilən muğam nümunələri, saz havaları və vətənpərvərlik ruhlu musiqi əsərləri tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb. İfaçılar öz peşəkarlığı, səhnə mədəniyyəti və yüksək ifa ustalığı ilə tədbirə xüsusi rəng qatıb, zalda duyğusal və qürurverici bir ab-hava yaradıb”.

Tədbirin sonunda iştirakçılar bu cür mədəni layihələrin cəmiyyətimizdə milli-mənəvi dəyərlərin qorunması, incəsənətin inkişafı və gənc nəslin vətənpərvərlik ruhunda formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıblar.

Məlumata əsasən, qonaqlar yüksək təşkilatçılığa görə “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinə minnətdarlıqlarını ifadə edib, proqramın gələcəkdə də davamlı xarakter alacağına inamlarını bildiriblər: “Beləliklə, “Zəfər yurdu ilə zərif nəğmələr” konsert proqramı Azərbaycan qadınına ithaf olunmuş dəyərli və yaddaqalan bir mədəniyyət hadisəsi kimi yadda qalıb”.














İlk şərhi yaza bilərsiniz