Son yeniləmə: 30 Aprel 2026
Qazaxıstan və Azərbaycan birgə turoperator təsis ediblər
BAYRAQDAR MEDİA – Müasir dövrdə türk dünyasında inteqrasiya prosesləri getdikcə daha da sürətlənir, dövlətlər arasında siyasi, iqtisadi, humanitar və mədəni əlaqələr yeni mərhələyə qədəm qoyur. Bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən, həmçinin müxtəlif sahələri əhatə edən əməkdaşlıq layihələri ortaq maraqların qorunması və regional birliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Xüsusilə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi türk dünyasının ortaq tarixi, mədəniyyəti və coğrafi potensialının beynəlxalq səviyyədə tanıdılması üçün mühüm imkanlar yaradır. Bununla yanaşı, TDT-yə üzv ölkələr ikitərəfli formatda da münasibətlərini inkişaf etdirir və bu istiqamətdə növbəti mühüm addım atılıb.
Bu təşəbbüs Qazaxıstan və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın inkişafına yönəlib
Belə ki, aprelin 30-da Bakıda Qazaxıstan-Azərbaycan birgə “TurAn” (TourAN) turoperatorunun rəsmi təsis edilməsi mərasimi keçirildi. Tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndələri, eləcə də sahənin aparıcı ekspertləri iştirak edirdilər.

Çıxışlar barədə məlumat verməzdən öncə bildirək ki, bu təşəbbüs Qazaxıstan və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın inkişafına yönəlib. Layihənin təşəbbüskarları turizm bazarında təcrübəyə malik olan və beynəlxalq layihələr həyata keçirən “Discover Jetisu” (Qazaxıstan) və “Smile Azerbaijan Tour” MMC (Azərbaycan) şirkətləridir.
Son illərdə qarşılıqlı turist mübadiləsində müsbət dinamika müşahidə olunur
İmzalanmadan öncə çıxış edən Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel, vahid turoperatorun yaradılmasının ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə və regionun vahid turizm istiqaməti kimi beynəlxalq cəlbediciliyinin artmasına töhfə verəcəyini dedi. O, bildirdi ki, son illərdə qarşılıqlı turist mübadiləsində müsbət dinamika müşahidə olunur və bu cür təşəbbüslərin həyata keçirilməsi turist axınının daha da artırılmasına yönəlib.
Diplomat xatırlatdı ki, 2024–2025-ci illərdə Qazaxıstanın Bakıdakı Səfirliyi tərəfindən sahəvi əməkdaşlığın inkişafına yönəlmiş iki Qazaxıstan-Azərbaycan turizm forumu təşkil olunub. Üçüncü forum 2026-cı ildə Türkistanda keçiriləcək.
Hazırda Qazaxıstan və Azərbaycan arasında inkişaf etmiş hava nəqliyyatı əlaqəsi mövcuddur
O, da qeyd edildi ki, hazırda Qazaxıstan və Azərbaycan arasında inkişaf etmiş hava nəqliyyatı əlaqəsi mövcuddur. Birbaşa reyslər Air Astana, FlyArystan və Azerbaijan Airlines aviaşirkətləri tərəfindən Bakı–Astana, Almatı, Aktau, Atırau və Şımkent marşrutları üzrə həyata keçirilir. Həftəlik reyslərin ümumi sayı 30-u keçir. “TourAN”ın təsis edilməsi iki ölkənin turizm sahəsinin inkişafında mühüm addım olacağı, investisiya fəallığının artmasına və beynəlxalq bazarlarda birgə turizm məhsullarının yaradılmasına töhfə verəcəyi gözlənilir.

Sonra sənədin imzalanma mərasimi oldu. “Discover Jetisu” (Qazaxıstan) şirkətinin rəhbəri Aleksandr Aknazarov və “Smile Azerbaijan Tour” (Azərbaycan) şirkətnin rəhbəri Narina Mahmudova vahid turoperatorun təsisin dair sənədləri imzaladılar.
“TurAn”ın nizamnamə kapitalı 100 min ABŞ dolları təşkil edir
İmzalanma mərasimində çıxış edən təsisçilər bildirdilər ki, yeni turoperatorun nizamnamə kapitalı tərəflər arasında bərabər bölüşdürülməklə 100 min ABŞ dolları təşkil edir. Şirkətin fəaliyyəti ekoturizm, mədəni və qastronomik turlar, həmçinin tibbi və işgüzar turizm daxil olmaqla geniş turizm xidmətlərini əhatə edəcək.
Tərəflər həmçinin qeyd etdilər ki, vahid Qazaxıstan–Azərbaycan tur operatoru “TurAn”ın yaradılması ölkələr arasında turist axınının intensivləşdirilməsi, investisiya və mədəni cəlbediciliyin artırılması vasitəsilə ikitərəfli əməkdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu isə regionun vahid turizm istiqaməti kimi beynəlxalq cəlbediciliyinin artmasına da müsbət təsir göstərəcək.

Sonda bir daha vurğulayaq ki, Azərbaycanda imzalanan bu sənəd bir tərəfdən turizm sahəsində iki qardaş ölkə arasında əməkdaşlığın yeni mərhələsinin əsasını qoymuş oldu. Digər tərəfdən isə bu addım həm TDT kontekstində, həm də ümumilikdə Qazaxıstan-Azərbaycan münasibətləri çərçivəsində daha inamlı və daha mobil əməkdaşlıq mexanizmlərinin formalaşdırılması baxımından mühüm hadisə kimi qiymətləndirilə bilər.
Bakıda əsası qoyulan “TurAn” türk dünyasının turizm sahəsində daha sıx birliyinə xidmət edəcək
Məsələnin digər mühüm tərəfi isə yeni tur operatorunun məhz “TurAn” adlandırılmasıdır. Bəlli olduğu kimi, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin və ümumilikdə türk dünyasının əsas strateji hədəflərindən biri Vahid Turan məfkurəsinə doğru inteqrasiyanın gücləndirilməsidir. Bu hədəfə gedən yol isə yalnız siyasi və hərbi əməkdaşlıqdan deyil, eyni zamanda mədəni, iqtisadi və xüsusilə turizm sahəsində dərin inteqrasiyadan keçir. Əminliklə demək olar ki, Bakıda əsası qoyulan “TurAn” təşəbbüsü türk dünyasının daha sıx birliyinə və Vahid Turan idealına doğru atılan növbəti mühüm addımlardan biri olacaq.






İlk şərhi yaza bilərsiniz