BAYRAQDAR MEDİA – Aprelin 29-da dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə “Yeni adlar” layihəsi çərçivəsində solistlər – Şəms Əlili (viola), Xədicə Qasımova (violin), Kənan Bağırov (violin), Məsumə Əliyeva (fleyta) növbəti konsert proqramını təqdim ediblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Dövlət Akademik Filarmoniyasının mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “konsertin ilk hissəsində F.A.Hoffmeister viola və orkestr üçün D-dur konserti, H.Wieniawski C.Gounod-un “Faust” operasının mövzularına yazdığı Fantaziya (op.20) səslənib. İkinci hissədə C.Reinecke fleyta və orkestr üçün D-dur konserti (op.283) və H.Wieniawski-nin violin və orkestr üçün №2 konserti (op.22, d-moll) ifa olunub”.
Bildirək ki, “Yeni adlar” layihəsi gənc musiqiçilərin səhnə təcrübəsinin artırılması, onların geniş auditoriyaya təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu konsert bir daha göstərib ki, yeni istedadlar yetişməkdədir və onların gələcək uğurları üçün möhkəm zəmin formalaşır.






İlk şərhi yaza bilərsiniz