Press "Enter" to skip to content

Heydər Əliyev və kitabxana işinin təşkilinə həsr olunmuş konfrans

Heydər Əliyev və kitabxana işinin təşkilinə həsr olunmuş konfrans

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda II respublika elmi konfransı işə başlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “öncə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konfransın Ulu Öndər Heydər Əliyevin Azərbaycan kitabxana işinin tərəqqisi naminə göstərdiyi misilsiz xidmətlərə, müasir kitabxana quruculuğunun ilkin mərhələsində bu sahənin canlandırılmasına verdiyi töhfələrə həsr olunduğunu qeyd edərək konfransın əhəmiyyətini yüksək qiymətləndirib. Akademik çıxışında konfransın həm Azərbaycançılıq ideologiyasının təbliği, həm də rəqəmsal inkişaf, süni intellekt və elmin aktual problemlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyaraq kitabxanaçıların yeni dövrün tələblərinə uyğun hazırlanmasına töhfə verəcəyinə əminliyini ifadə edib”.

Daha sonra xəbərdə, “MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov “Heydər Əliyev və Azərbaycanda kitabxana işinin inkişafı” adlı məruzəsi ilə çıxış edib. H.Hüseynov MEK-in II respublika konfransında iştirak edən hər kəsi salamlayaraq qeyd edib ki, Azərbaycan xalqının zəngin mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsində kitabxanalar mühüm rol oynayıb və bu sahənin inkişafı birbaşa Ulu Öndərin adı ilə bağlı olub. Onun rəhbərliyi dövründə kitabxana şəbəkəsi genişləndirilib, yeni kitabxanalar yaradılıb, ixtisaslı kadr hazırlığı gücləndirilib və kitabxana işi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Müstəqillik illərində isə Heydər Əliyevin uzaqgörən qərarları nəticəsində kitabxanalar qorunub, bu sahənin hüquqi bazası daha da möhkəmləndirilib” deyə bildirilir.

Xəbərdə eləcə də deyilir ki, “konfransda çıxış edən Prezident Kitabxanasının direktoru filologiya elmləri doktoru, Prof. Afət Abbasova, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru, Dos. Ələmdar Bayramov, YAP Yasamal rayon təşkilatının məsləhətçisi Fuad Həbibzadə çıxış edərək kitabxanaşünaslıq elminin tədqiqinə, aktual problemlərinin müzakirəsinə ehtiyacın olduğunu və bu sahənin inkişafına töhfəsini verəcəyini bidiriblər. Daha sonra konfrans işini “Heydər Əliyevin Azərbaycanda kitab və kitabxana işinin inkişafında rolu”, “Rəqəmsallaşma şəraitində kitabxana fondlarının formalaşdırılması və idarə olunması”, “Elm-kitabxana-cəmiyyət qarşılıqlı əlaqədə”, “Korporativ kitabxana sistemlərinin, süni intellekt və yeni texnologiyaların kitabxanaların fəaliyyətinə tətbiqi” kimi mövzularda bölmələrlə davam etdirib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.