BAYRAQDAR MEDİA – Səhiyyə və təhsil qurucusu, türk dünyasının görkəmli alimi, pediatr, maarifçi, xeyriyyəçi, beynəlxalq səviyyədə tanınmış dövlət və elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri üzvü, Azərbaycanın böyük dostu, Prof. İhsan Doğramacının 110 illik yubileyi münasibətilə həyat və elmi fəaliyyətini əks etdirən biblioqrafik göstərici işıq üzü görüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “MEK-in tərtibatında “Görkəmli elm xadimləri” seriyasında nəşr olunan biblioqrafiya İ.Doğramacının həyatı və elmi fəaliyyətinin əsas tarixlərini, əsərlərinin biblioqrafiyasını – kitab, məqalə və məruzələrini, həmçinin alim haqqında yazılmış mənbələri və s. əks etdirir. İ.Doğramacının tibb təhsilinə, uşaq və xalq sağlamlığı problemlərinə həsr olunmuş 100-ə yaxın elmi əsəri xarici ölkələrdə çap edilib. Alim dünyanın 200-dən çox beynəlxalq mükafatı və ordeni, həmçinin Azərbaycanın “İstiqlal” və “Heydər Əliyev” ordenləri ilə təltif olunub”.
Ardınca xəbərdə, “AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən “Elm” nəşriyyatında işıq üzü görən biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Vəsaitin redaktorları Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə Həmidə Mehbalıyevadır. Göstərici tədqiqatçı tələbə, müəllim, tibb işçiləri, tibbi və elmi-pedaqoji sahələrlə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulub. Qeyd edək ki, bu nəşrin elektron versiyası ilə kitabxananın saytındakı elektron kitabxana bölməsində tanış olmaq mümkündür” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz