BAYRAQDAR MEDİA – Azərbaycan mədəniyyətinin, dramaturgiyasının və publisistikasının inkişafında misilsiz xidmətləri olan dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında “Akademik Üzeyir Hacıbəyli” adlı biblioqrafik göstərici işıq üzü görüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “vəsait dahi Azərbaycan bəstəkarı, milli operanın banisi, görkəmli musiqişünas-alim, publisist və pedaqoq Ü.Hacıbəylinin həyatını, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas mərhələlərini əhatə edir. Nəşrdə bəstəkarın musiqi əsərləri, orkestr və instrumental müşayiət üçün xor əsərləri, romansları, xoreoqrafik miniatürləri və proqramları, kitabları, publisistik məqalələri, dövri mətbuatda və məcmuələrdə dərc olunmuş hekayələri, felyetonları və miniatürləri, həmçinin onun haqqında yazılmış mənbələr toplanıb. Göstəricidə Üzeyir Musiqi Gününün təsis edilməsi haqqında Prezidentin Fərmanı, bəstəkarın yubileylərinin qeyd olunmasına dair sərəncamlar yer alıb”.
Daha sonra xəbərdə, “AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən, “Elm” nəşriyyatında çap olunan biblioqrafik göstəricinin elmi məsləhətçisi və ön sözünün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Nəşrin elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktorları Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə şöbənin əməkdaşı, baş biblioqraf Türkan Vahidovadır. Təqdim olunan biblioqrafik göstərici musiqişünaslar, bu sahədə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələri, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub” deyə diqqətə çatdırılır.
Qeyd edək ki, nəşrin elektron versiyası ilə kitabxananın saytının Elektron kitabxana bölməsində tanış olmaq mümkündür.






İlk şərhi yaza bilərsiniz