Press "Enter" to skip to content

“Bizim siyasətimiz dəyişməzdir”

Tahsin Ertugruloglu

Tahsin Ertuğruloğlu: BMT Təhlükəsizlik Şurası bu günə qədər hansı problemi həll edib ki, Kıbrıs məsələsində də müsbət nəticə əldə edəcəyi gözlənilsin?

BAYRAQDAR MEDİA – “Bizim siyasətimiz dəyişməzdir. İki suveren və bərabər dövlətə, bərabər beynəlxalq statusa əsaslanan siyasət dəyişəcək bir siyasət deyil. Bu, adanın reallığıdır”.

Bunu Kuzey Kıbrıs Türk Cümhuiryyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində deyib. Müsahibəni yaxın günlərdə təqdim edəcəyik.

T.Ertuğruloğlu bildirib ki, dünya hələ də bu gerçəyi görmək istəmir və sanki adada yalnız bir dövlət varmış kimi siyasət yürüdür: “Bu yanaşma dəyişmədiyi müddətdə Kıbrısda rum tərəfinin ərköyünlüyü və həddi aşan davranışları davam edəcək. Çünki dünya onlara “Kipr Respublikası hökuməti” kimi yanaşdığı müddətdə rumlar da Kıbrıs məsələsini guya öz ölkələrinin türk işğalı altında olduğu kimi dünyaya təqdim edir və guya işğal altındakı torpaqlarını azad etmək məqsədilə hərbi əməkdaşlıq sazişləri bağlayır, silah, tank, helikopter və digər hərbi texnika alırlar. Xüsusilə də BMT Təhlükəsizlik Şurasının daimi beş üzvünün buna tərəf olması, əslində, BMT Təhlükəsizlik Şurasının nə dərəcədə etibarsız bir qurum olduğunu ortaya qoyur. Onsuz da dünyada yaşanan digər problemlərə baxdıqda sual yaranır: BMT Təhlükəsizlik Şurası bu günə qədər hansı problemi həll edib ki, Kıbrıs məsələsində də müsbət nəticə əldə edəcəyi gözlənilsin?”

Nazir qeyd edib ki, bu, təkcə Fransanın deyil, yunan tərəfini “Kipr Respublikası” kimi tanıyan bütün dövlətlərin, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin və Avropa Birliyinin ayıbıdır: “Onlar nə edirlərsə etsinlər, Kıbrısdakı reallıq dəyişməyəcək. Kıbrısda iki dövlət var, çünki iki millət var. Bu həqiqət dünya tərəfindən qəbul edilmədiyi müddətdə Kıbrıs məsələsi problem olaraq qalacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.