BAYRAQDAR MEDİA – Qobustan rayonunda şəhid ailəsi üzvləri və müharibə iştirakçılarına hüquqi konsultasiya xidməti göstərilib. Görüş “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Müharibədən zərərçəkən və həssas qruplardan olan şəxslər üçün hüquqi konsultasiya xidmətləri” layihəsi çərçivəsində təşkil olunub.
İctimai Birlikdən verilən məlumata görə görüşdə 16 nəfər Qobustan rayon sakini iştirak edib.
Bildirilib ki tədbiri giriş sözü ilə açan layihə rəhbəri Xalid Kazımov həyata keçirilən fəaliyyətlə bağlı iştirakçılara məlumat verib: “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan layihə Ağsu, Qobustan, Siyəzən və Şabran rayonlarının ərazisini əhatə edir. Amma layihə çərçivəsində Azərbaycanın bütün ərazisindən daxil olan onlayn müraciətlər əsasında da müharibə iştirakçılarına onlayn hüquqi konsultasiya xidməti göstərilir. Onlayn müraciətlər e-mail (huqugiyardim@gmail.com) “Qaynar xətt” (0702902299) xidməti, “facebook” (Pulsuz Hüquqi Yardım), “İnstagram” (huquqiyardim_pulsuz) və “WhatsApp” (0702902299) vasitəsi ilə qəbul olunur”.
Daha sonra layihənin hüquqşünası Araz Nurməmmədov hüquqi problemlərlə bağlı müraciət edən şəxsləri ümumilikdə və fərdi şəkildə qəbul edib.
Görüş zamanı 7 nəfərin dövlət qurumlarına müraciətləri hazırlanaraq vətəndaşlara təqdim edilib. Digər vətəndaşların sənədlərinin surətləri götürülüb və müvafiq qeydlər aparılıb. Qarşıdakı günlərdə vətəndaşların sənədləri hazırlanaraq imzalanıb aidiyyatı qurumlara göndərilməsi üçün benefisiarlara çatdırılacaq.
Qeyd edək ki, layihənin əsas məqsədi Bərdə, Ağsu, Qobustan, Siyəzən və Şabran rayonunda yaşayan müharibədən zərər çəkən və digər həssas aztəminatlı qruplardan olan (Azərbaycanın digər ərazilərindən onlayn müraciət edənlərə hüquqi konsultasiya xidməti göstəriləcək və məhkəmə sənədləri hazırlanacaq) şəxslərə pulsuz hüquqi konsultasiya xidməti göstərmək, məhkəmədə hüquqi müdafiəsini təşkil etməklə problemlərinin həll edərək sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dəstək göstərməkdir.






İlk şərhi yaza bilərsiniz