Press "Enter" to skip to content

Bütün bu nailiyyətlərin təməlində uğurlu siyasət dayanır

Vüqar İskəndərov

Vüqar İskəndərov: Azərbaycanın ikinci dəfə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi etməsi ölkəmizə göstərilən beynəlxalq etimadın növbəti təzahürüdür

BAYRAQDAR MEDİA – “Azərbaycanın son illərdə beynəlxalq arenada qazandığı uğurlar və möhkəmlənən mövqeyi ölkəmizin həyata keçirdiyi müstəqil, prinsipial və uzaqgörən siyasətin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan xarici siyasət strategiyası Azərbaycanın təkcə regionun deyil, həm də beynəlxalq münasibətlər sisteminin etibarlı və məsuliyyətli iştirakçılarından birinə çevrilməsini təmin edib”.

Bu fikirləri BAYRAQDAR MEDİA-ya Milli Məclisin deputatı Vüqar İskəndərov səsləndirib.

Deputat bildirib ki, Azərbaycanın ikinci dəfə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi etməsi ölkəmizə göstərilən beynəlxalq etimadın növbəti təzahürüdür: “Belə nüfuzlu beynəlxalq maliyyə institutunun yenidən Azərbaycana üstünlük verməsi ölkəmizin İslam dünyasında artan nüfuzunun, dayanıqlı iqtisadi inkişaf modelinin və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir. Bu, eyni zamanda Azərbaycanın müxtəlif ölkələr və regionlar arasında əməkdaşlığın təşviq olunduğu mühüm dialoq platformasına çevrildiyini təsdiqləyir”.

V. İskəndərov qeyd edib ki, son onilliklər ərzində Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi üçün ən etibarlı ünvanlardan biri kimi tanınıb: “Ölkəmiz Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, nüfuzlu beynəlxalq forumlar, iqtisadi və humanitar xarakterli qlobal tədbirlər, eləcə də COP29 kimi dünya əhəmiyyətli toplantıları yüksək səviyyədə təşkil etməklə öz imkanlarını bir daha nümayiş etdirib. Həmçinin Ümumdünya Şəhərsalma Forumu kimi mühüm beynəlxalq platformaların Azərbaycanda keçirilməsi ölkəmizin müasir infrastruktura, güclü təşkilatçılıq potensialına və beynəlxalq ictimaiyyətin etimadına malik olduğunu göstərir. Xüsusilə COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın konsensus əsasında qəbul olunması beynəlxalq birliyin ölkəmizə olan yüksək etimadının parlaq göstəricisidir. Fərqli siyasi baxışlara və maraqlara malik dövlətlərin Azərbaycanın namizədliyi ətrafında həmrəylik nümayiş etdirməsi ölkəmizin qlobal dialoqa və beynəlxalq əməkdaşlığa töhfə verən məsuliyyətli dövlət kimi qəbul edildiyini bir daha sübut etdi”.

Deputatın sözlərinə görə, Azərbaycanın beynəlxalq nüfuzunun mühüm göstəricilərindən biri də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində qazandığı geniş dəstəkdir: “Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı 155 dövlətin dəstəyini qazanması ölkəmizin beynəlxalq aləmdə böyük hörmətə malik olduğunu nümayiş etdirdi. Eyni etimad Qoşulmama Hərəkatına sədrliyi dövründə də özünü göstərdi. Azərbaycanın təşkilata uğurlu rəhbərliyi nəticəsində üzv dövlətlər sədrliyin əlavə bir il uzadılmasına yekdilliklə qərar verdilər. Bu fakt ölkəmizin beynəlxalq platformalarda səmərəli fəaliyyətinin və etibarlı tərəfdaş kimi qəbul edilməsinin mühüm göstəricisidir”.

V. İskəndərov vurğulayıb ki, bütün bu nailiyyətlərin təməlində Azərbaycanın ardıcıl siyasəti və beynəlxalq öhdəliklərinə sadiqliyi dayanır: “Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən və müxtəlif tərəflər arasında etimadın möhkəmlənməsinə töhfə verən dövlət kimi çıxış edib. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub arasında əməkdaşlığın və dialoqun vacib mərkəzlərindən biri hesab olunur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın beynəlxalq müstəvidə qazandığı mövqe təsadüfi deyil. Bu, uzunmüddətli strateji baxışın, güclü iqtisadi potensialın, müstəqil siyasətin və milli maraqlara əsaslanan qərarların nəticəsidir. Müasir beynəlxalq münasibətlər sistemində etimad ən mühüm siyasi kapitallardan biridir və Azərbaycan bu etimadı öz fəaliyyəti ilə qazanıb. Bu gün ölkəmizin müxtəlif beynəlxalq platformalarda əldə etdiyi uğurlar, qlobal təşəbbüslərdə fəal iştirakı və mühüm tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın dünya siyasətində rolunun və nüfuzunun davamlı şəkildə artdığını göstərir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.