Türk Ticarət Evinin rəhbəri Yılmaz Okuklu Iğdırın əsl adının tarixindən, Araz Cümhuriyyətindən, Azərbaycan türklərinin zəngin mədəni irsindən və Zəngəzur dəhlizinin türk dünyası üçün strateji əhəmiyyətindən danışıb
BAYRAQDAR MEDİA – Rəsmi adı Iğdır olsa da, bu yazıda bəhs olunan qədim türk yurdu Yılmaz Okuklunun da vurğuladığı tarixi adı ilə – İğdir kimi təqdim olunur. Türkiyənin ən doğusunda yerləşən bu qədim diyar Azərbaycan, Naxçıvan və İranla həmsərhəd olmaqla yanaşı, tarixən Araz hövzəsinin ən mühüm türk yurdlarından biri hesab edilir.
Əsrlər boyu Səlcuqluların, Qaraqoyunluların, Ağqoyunluların, Səfəvilərin və Osmanlı dövlətinin hakimiyyəti altında olan bu bölgə Azərbaycanla dərin tarixi, mədəni və etnik bağlarını bu günədək qoruyub saxlayıb.
Türk dünyasının sərhədində yerləşən qədim yurd
Tarixi mənbələrdə qeyd edilir ki, 1918-ci ilin noyabrında bölgədə yaşayan türk-müsəlman əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə Araz Türk Hökuməti yaradıldı və onun mərkəzi kimi Iğdır müəyyənləşdirildi. Bu dövlət Naxçıvan, Şərur, Sürməli və ətraf bölgələrin türk əhalisinin siyasi iradəsini ifadə edən ilk yerli idarəçilik təşəbbüslərindən biri kimi tarixə düşdü.

Bu gün də Iğdır qardaş Türkiyədə azərbaycanlıların ən sıx yaşadığı bölgələrdən biri hesab olunur. Əhalinin mühüm hissəsini Azərbaycan türkləri təşkil edir və burada Azərbaycan türkcəsinin Iğdır şivəsi gündəlik həyatda geniş şəkildə işlədilir.
Bölgənin folkloru, aşıq sənəti, musiqisi, mətbəxi, toy və yas mərasimləri, Novruz ənənələri Azərbaycanın, xüsusilə Naxçıvan və Qərbi Azərbaycanın zəngin mədəni irsi ilə böyük oxşarlıq təşkil edir. Iğdır sakinlərinin Azərbaycan və Naxçıvanla qohumluq, ailə və mədəni əlaqələri bu gün də canlı şəkildə davam edir. Bütün bunlar bu qədim diyarı təkcə Türkiyənin sərhəd bölgələrindən biri deyil, həm də türk dünyasının və Azərbaycan mədəni coğrafiyasının mühüm mərkəzlərindən birinə çevirir.
“Iğdır” yox, “İğdir”: Adın arxasındakı tarixi yaddaş
Yeri gəlmişkən, bəzi mənbələrdə bölgənin adının Oğuz türklərinin 24 boyundan biri olan Iğdır boyundan götürüldüyü və həmin boyun tarixən Aras vadisi ilə Azərbaycan ərazisində məskunlaşdığı qeyd olunur.
Lakin Türk Ticarət Evinin rəhbəri Yılmaz Okuklu bu məsələ ilə bağlı fərqli və olduqca maraqlı yanaşma ortaya qoyur.

Onun sözlərinə görə, əslində bölgənin adı “Iğdır” deyil, “İğdir” olmalıdır: “Bir gün İrəvandan olan bir ağsaqqal məndən soruşdu ki, haralısan? Dedim: “Iğdırlıyam”. Dedi ki, “Bala, “Iğdırlıyam” demə, sən “İğdirlisən”. Bu söz məni maraqlandırdı və araşdırmağa başladım. Gördüm ki, Səlcuqlular dövründə Sungur bəy və Ərtoğrul bəy bu ərazidən keçərkən “Bu yerlər iyidir” deyiblər. Araz boyunda yerləşdiyi üçün bu torpaqlar “iyi bir yer”, yəni gözəl məkan hesab olunub. Sonralar Türkiyə Cümhuriyyəti dövründə dil və yazı qaydalarındakı dəyişikliklər nəticəsində “İğdir” sözü zamanla “Iğdır” şəklini alıb. Halbuki sözün kökü “İğdir” (iydir) adından gəlir.”
İğdir-Araz Cümhuriyyəti: Türk dövlətçilik tarixinin unudulan səhifəsi
Yılmaz Okuklu bildirir ki, Osmanlı dövlətinin Birinci Dünya müharibəsindən məğlub çıxmasından sonra, 1917–1918-ci illərdə bölgəni və türk əhalisini qorumaq məqsədilə ilk olaraq İğdir-Araz Cümhuriyyəti, yəni Araz Türk Cümhuriyyəti yaradıldı: “Həmin dövrdə bölgələr və bəyliklər xalqın təhlükəsizliyini təmin etmək üçün müxtəlif təşəbbüslərlə çıxış edirdilər. Təəssüf ki, həm İğdir-Araz Cümhuriyyətinin, həm də Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Sovet təzyiqləri nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. Azərbaycan türklərinin taleyi və tarixi ağır sınaqlarla üz-üzə qaldı.”
Başköydən gələn yaddaş: Azərbaycan türklərinin zəngin yaşam mədəniyyəti
Yılmaz Okuklu doğulduğu Aralıq bölgəsindən danışarkən həmin ərazinin həm tarixi, həm də strateji əhəmiyyətinə diqqət çəkir:“İğdirin Aralıq deyilən bölgəsi vardı. Bura Naxçıvana keçidin təmin olunduğu əsas məkan idi. Bir tərəfdə İran, digər tərəfdə Ermənistan yerləşdiyi üçün Azərbaycanla əlaqə məhz bu dar keçid vasitəsilə qurulurdu. Elə buna görə də həmin ərazi Aralıq adlanırdı. Mən İğdirin Aralıq ilçəsində anadan olmuşam. O vaxt bu yerə Aralıq deyil, Başköy deyirdilər. Çünki kəndlərin mərkəzi ora idi. Məhərrəmlik ayında hamı Başköydə toplaşardı. Ətraf kəndələrin sakinləri, o cümlədən dostlar, qohumlar, tanışlar buraya gələrdi. Elm, irfan və ictimai həyatın mərkəzi də məhz Başköy idi. Başköyün ağası Hacı Bahçeli Arslantürk idi. O, mənim anamın babası, yəni ulu babamdır. Soy-kökümüz haqqında Zakir Acar hocanın İğdirin böyük ailələrindən bəhs edən kitabında da geniş məlumat verilib.”

Y. Okuklunun sözlərinə görə, Hacı Bahçeli Arslantürk Qorux adlanan Saraçlı (keçmiş adı Pirço) kəndindən Aralığa qədər uzanan geniş ərazilərin sahibi idi: “Bölgədə yüksək bağçılıq mədəniyyəti formalaşmışdı. Xına gecələri keçirilər, bəybaşı adətləri yaşadılardı. Çilə qarpızı, daş armudu və payız armudu xüsusi üsullarla qış aylarınadək qorunardı. Yemiş və qarpız samanın içində saxlanılardı. Elə olurdu ki, bölgədən-Qars, Erzurumdan gələn qonaqlar qışın ən sərt günlərində belə babamın süfrəsində təzə çilə qarpızı, yemiş və müxtəlif meyvələr görürdülər. Bunları danışdıqca mərhum babam yadıma düşür. Yəni onun evində qış aylarında belə çilə qarpızı əskik olmazdı. Bu da onu göstərirdi ki, o dövrdə nə soyuducu vardı, nə də müasir texnologiyalar. Amma xalqımız özünəməxsus, zəngin bir yaşam mədəniyyəti formalaşdırmışdı”.
Y.Okuklu maraqlı bir məlumat da əlavə etdi. Bəlli oldu ki, Başköy o qədər səfalı yer olub ki, Türkiyə Caferileri lideri Selahattin Özgündüzün yaşadığı Tuzluca bölgəsindən insanlar Aralığa gəlir, kənd sakinləri ilə birlikdə yay aylarında əkin-biçinlə məşğul olurmuşlar. Yəni Aralıqda tarlaları biçib, yarısını özlərinə götürərər, yarısını da kənd sakinlərinə verib gedərmişlər.
Sözünə davam edən Y.Okuklu “Novruz bayramında qırmızı yumurta boyayardıq, Kosa-Kosa oynadardıq, qapı-qapı gəzər, bacadan sallanardıq. Bütün bunlar insanları bir araya gətirən, həmrəyliyi gücləndirən qədim ənənələr idi. Hacı Bahçeli babamın böyük bağı vardı. Tut, iydə, ərik, yaz və qış almaları, qış armudu, qoz ağacları ilə zəngin olan həmin bağ Saraşlıdan Başköyədək yolun sağ hissəsini əhatə edirdi” deyə əlavə etdi.
Zəngəzur dəhlizi: Türk dünyasının yenidən qovuşmasının açarı
Yılmaz Okuklu deyir ki, İğdirdə yaşayan Azərbaycan türkləri əsrlər boyu zəngin həyat tərzi, güclü ailə dəyərləri və qədim adət-ənənələri ilə seçiliblər. Onun sözlərinə görə, bu mədəni zənginliyə baxmayaraq, bölgə daim ciddi geosiyasi təhdidlərlə üz-üzə qalıb: “Ümumiyyətlə, İğdirdə Azərbaycan türklərinin son dərəcə zəngin bir yaşam mədəniyyəti vardı. Ancaq Aralıq bölgəsində Ermənistan daim təhlükə mənbəyi idi. Zəngəzur məsələsi də məhz bu təhlükənin əsas səbəblərindən biri idi. Zəngəzurun Ermənsitana verilməsi ilə, əslində, Azərbaycanın və bütövlükdə türk dünyasının bağrına “Stalinin xəncəri” saplanmışdı. Çünki İğdirlə Azərbaycanın arasına süni maneə çəkilmişdi. Halbuki bu coğrafi bağlantı qorunsaydı, Azərbaycanla Türkiyə arasındakı təbii əlaqə heç vaxt qırılmazdı”.

Y.Okuklu onu da deyir ki, o dövrün siyasi qüvvələri bunun nə qədər mühüm olduğunu çox yaxşı anlayırdılar: “Bu tarixi həqiqəti bu gün də unutmamalıyıq. Ona görə də Zəngəzur dəhlizinin açılması təkcə nəqliyyat layihəsi deyil, türk dünyasının yenidən qovuşması, bütövləşməsi və daha da güclənməsi deməkdir. İnşallah, şəhidlərimizin və qazilərimizin bizə əmanət qoyduğu bu amal gerçəkləşəcək.”






İlk şərhi yaza bilərsiniz