Press "Enter" to skip to content

Azərbaycan-Türkiyə qardaşlığına kölgə sala bilməzlər

Azərbaycan-Türkiyə qardaşlığına kölgə sala bilməzlər

Prof. Dr. Təranə TURAN RƏHİMLİ

BAYRAQDAR MEDİA – Azərbaycan–Türkiyə qardaşlığına kölgə salmağa, bu tarixi və mənəvi bağları zədələmək istəyənlərə veriləcək ən gözəl cavab boş sözlərlə mübahisə etmək deyil. Ən gözəl cavab bu qardaşlığın örnəyi olan əməllərin sayını artırmaqdır, boşboğazlığa əməli işlə cavab verməkdir. Tarixi qardaşlığımıza kölgə salmaq istəyənlərə demək istəyirəm: Siz mənasız sözlər yazmaqla, sosial şəbəkələrdə süni qarşıdurmalar yaratmaqla məşğul olduğunuz bir vaxtda Azərbaycan, Türkiyə və Türk dünyasının müxtəlif ölkələrindən elm və mədəniyyət adamları bir araya gəlib böyük bir beynəlxalq elmi toplantı keçirdilər.

22 ölkənin iştirakı ilə gerçəkləşən “Qənirə Paşayeva və Türk Dünyası: Ədəbiyyat, Mədəniyyət, Siyasət və Birlik İdealı” Beynəlxalq Konqresinin iki günü boyunca səslənən əsas fikir nədir, bilirsinizmi? TÜRK BİRLİYİ. Özəlliklə, sarsılmaz Azərbaycan–Türkiyə qardaşlığı, ortaq dəyərlərimiz və bu qardaşlığı gələcəyə daha güclü, daha sağlam və gözəl şəkildə daşımaq əzmi. Bu konqres bir daha göstərdi ki, Türk dünyasını birləşdirən dəyərlər sosial şəbəkələrdə düşmən mövqedən yazılan anlamsız sözlərlə sarsılacaq qədər zəif deyil. Ömrünü Türk dünyasının birliyinə, Azərbaycan–Türkiyə qardaşlığına həsr etmiş Qənirə Paşayevanın idealları ətrafında 22 ölkədən insanların bir araya gəlməsi bunun ən gözəl nümunələrindən biridir. Biz sözümüzü əməlimizlə deyirik. Siz qardaşlığa kölgə salmağa çalışarkən, biz qardaşlığın körpülərini qururuq.
Siz insanları qarşı-qarşıya gətirməyə çalışarkən, biz Türk dünyasının müxtəlif coğrafiyalarından alimləri, ziyalıları, sənət adamlarını eyni masa ətrafında birləşdiririk. Siz sarsıtmaq istəyirsiniz… Kimi və nəyi sarsıtmaq istəyirsiniz? Azərbaycanla Türkiyə arasındakı tarixi qardaşlığımı? Türk dünyasının ortaq yaddaşınımı? İki canı yaşadan bir ürəyimi? Yoxsa illərdir bu birlik üçün çalışan insanların əməllərinimi? Bilin ki, bu boşboğazlığınızın cavabı sosial şəbəkələrdəki söz oyunu deyil. Cavab – birlikdir. Cavab – elm və mədəniyyətdir, ortaq layihələrdir, bir-birimizin yanında olmaqdır. Cavab – daha çox əməl, daha az söz deməkdir.

Azərbaycan–Türkiyə qardaşlığı bizim üçün sadəcə bir şüar deyil. Bu, tariximizdən gələn və gələcəyimizə daşımaq istədiyimiz böyük bir dəyərdir. Və biz bu dəyəri qorumağın ən doğru yolunun onu hər gün yeni əməllərlə yaşatmaq olduğuna inanırıq. Siz havadan asılıb qalacaq çəkisiz sözünüzü deyin. Biz isə işimizi görməyə davam edək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.