BAYRAQDAR MEDİA – “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə şair Lalə İsmayılın ilk şeirlər kitabı – “Bəyaz durnalar”ın təqdimatı və Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid İsmayıl Barat oğlu İsmayılovun doğum gününə həsr olunmuş anım tədbiri keçirilib.
Bu barədə İctimai Birlikdən məlmat verilib.
Məlumatda deyilir ki, tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, ziyalılar, şair və yazıçılar, ədəbiyyatsevərlər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Vətənin azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, “Kəlağayı Ev Muzeyi”nin direktoru Güllü Eldar Tomarlı çıxış edərək bildirib ki, “Bəyaz durnalar” təkcə bir şeir kitabı deyil, həm də şəhidlərimizin müqəddəs xatirəsinə ucaldılmış mənəvi abidədir. O, müəllif Lalə İsmayılı ilk kitabının nəşri münasibətilə təbrik edərək, ona yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə çıxış edən müəllif Lalə İsmayıl qeyd edib ki, “Bəyaz durnalar” onun ilk fərdi şeir kitabıdır. Kitab Xalq şairi Nəriman Həsənzadənin xeyir-duası, Prezident təqaüdçüsü, Əmək qəhrəmanı Tərlan Musayevanın dəstəyi ilə ərsəyə gəlib və Zəngilan uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş yeddi polis əməkdaşının əziz xatirəsinə ithaf olunub. Həmin qəhrəmanlardan biri də müəllifin qardaşı, itkin şəhid İsmayıl Barat oğlu İsmayılovdur.
Tədbirdə çıxış edənlər “Bəyaz durnalar” kitabını yüksək qiymətləndirərək müəllifə yaradıcılıq uğurları arzuladılar, şəhidlərimizin xatirəsinin yaşadılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd ediblər.
Tədbirin yaddaqalan məqamlarından biri də rəssam Humay Əliyevanın Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid İsmayıl Barat oğlu İsmayılovun xatirəsinə həsr etdiyi rəsm əsərini müəllif Lalə İsmayıla təqdim etməsi olub. Şəhidin əziz xatirəsini yaşadan bu mənalı hədiyyə iştirakçılar tərəfindən böyük ehtiram və duyğusallıqla qarşılanıb.
Sonda müəllif oxucular üçün kitablarını imzalayıb və xatirə şəkilləri çəkdirilib.






İlk şərhi yaza bilərsiniz