BAYRAQDAR MEDİA – Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-30 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən ikinci ildir ki, festival çərçivəsində “Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunur. Sentyabrın 22-də layihə üzrə ADA-da müharizə-konsert keçirilib. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, ADA Universiteti və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşan tədbirdə ADA Universitetinin rektoru Prof. Hafiz Paşayev, təhsil ocağının müəllim və tələbələri, eləcə də qonaqları iştirak ediblər. Tədbir iştirakçılarını salamlayan ADA-nın prorektoru Günay Ziyadova universitetin Ü.Hacıbəyli festivalı çərçivəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib”.
Daha sonra xəbərdə, “mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov bu il 18-ci dəfə təşkil olunan Ü.Hacıbəyli Beynəlxalq Musiqi Festivalının müasir mədəniyyət salnaməmizin əhəmiyyətli hadisələrindən olduğunu, Üzeyir bəy fenomeninin təbliği və tanıdılmasına xidmət etdiyini bildirib. MEMİM-in direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dos. Vüqar Hümbətov qeyd edib ki, layihə dahi bəstəkar Ü.Hacıbəylinin musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətlərinin, onun sənət incilərinin daha geniş auditoriyaya, xüsusilə gənc nəslə çatdırılmasına töhfə vermək məqsədi daşıyır. Sonra tədbir MEMİM-in əməkdaşı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatorluğu ilə davam edib. Sənətşünaslıq üzrə elmlər doktoru, Dos. Leyla Zöhrabovanın Ü.Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə həsr olunan mühazirəsi dinlənilib” deyə diqqətə çatdırılır.
Qeyd edək ki, “Sənət inciləri” layihəsi üzrə növbəti mühazirə-konsert sentyabrın 28-də Xəzər Universitetində təşkil olunacaq.






İlk şərhi yaza bilərsiniz