BAYRAQDAR MEDİA – “Bu gün dünyada bir çox rəqabət və mübarizə sahəsinə təsir göstərən kritik minerallar baxımından Türk dövlətləri böyük potensiala sahibdir. Bu resursların həm region, həm də dünya üçün istifadəyə verilməsində onları dünya bazarlarına bağlayan xalqlar və nəqliyyat xətləri mühüm rol oynayır”.
Bunu AK Partinin sədr müavini, Ankara millət vəkili və partiyanın Türk Dövlətləri ilə Əlaqələr üzrə sədri, Prof. Dr. Kürşad Zorlu deyib.
O, qeyd edib ki, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və TANAP əsas layihələr sırasındadır: “Çindən başlayaraq Orta Asiya, Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə, oradan isə Avropaya uzanan Orta Dəhliz Türk dünyasının iqtisadi inteqrasiyası üçün tarixi imkan yaradır. Dəhlizlə daşınan yüklərin həcmi 2022-ci ildə 1,7 milyon ton olduğu halda, 2025-ci ildə 4,1 milyon tona çatıb. Bu, ildə orta hesabla 34 faizlik artım deməkdir. Dünya Bankının proqnozuna görə, zəruri investisiyalar yatırılarsa, 2030-cu ilədək bu dəhliz üzrə ticarət üç dəfə arta bilər”.
Qeyd edilib ki, Bakı–Tbilisi–Qars dəmir yolu, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu və yaxın gələcəkdə reallaşacağına ümid edilən Zəngəzur bağlantısı Orta Dəhlizin əhəmiyyətini daha da artıracaq: “Çinlə Avropa arasında illik ticarət potensialının 850 milyard dollar olduğu nəzərə alınarsa, dəhlizin rolu aydın görünür. Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına əsasən, Orta Dəhlizin ölkə iqtisadiyyatına istehsal baxımından təsiri 114 milyard dollar, illik məşğulluğa töhfəsi isə ən azı 144 min nəfərdir.”






İlk şərhi yaza bilərsiniz