Press "Enter" to skip to content

Azərbaycan Mətbuat Şurasından açıqlama

Azərbaycan Mətbuat Şurası

BAYRAQDAR MEDİA – Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin həyatını itirməsi ilə nəticələnmiş faciəli hadisə və bundan sonra yaranmış insident cəmiyyətdə narahatlıq və ictimai müzakirələr doğurub.

Xəbəri Azərbaycan Mətbuat Şurası yayımlayıb.

Xəbərdə deyilir ki, “belə hadisələr təbii olaraq ictimaiyyətin diqqət mərkəzində olur, baş verənlərin səbəbləri, məsuliyyət məsələləri və gələcəkdə oxşar halların qarşısının alınması ilə bağlı suallar yaradır. Bu baxımdan media nümayəndələrinin olayla maraqlanmaları, ictimaiyyətin informasiya ehtiyacının qarşılanmasına çalışmaları jurnalist missiyanın tərkib hissəsidir”.

Bildirilib ki, ““Real TV”nin əməkdaşlarının qeyd olunan hadisə ilə bağlı peşə fəaliyyətlərini həyata keçirərkən fiziki təzyiqlə üzləşmələri yolverilməzdir. Jurnalistlərin qanuni peşə fəaliyyətinə maneələrin yaradılması, onlara qarşı fiziki güc tətbiqi və ya təhdidlər qəbuledilməzdir. Hər hansı mübahisə və narazılıq yarandığı halda belə, məsələnin həlli zorakılıqla deyil, qanunvericiliyin tələblərinə və qarşılıqlı hörmət prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir. Azərbaycan Mətbuat Şurası eyni zamanda vurğulayır ki, jurnalistlərin peşə fəaliyyətlərinin sərbəstliyi və ictimaiyyətin informasiya əldə etmək hüququ ilə yanaşı, faciəli hadisələrin işıqlandırılmasında, xüsusilə azyaşlılar və yeniyetmələrin iştirakı ilə bağlı insidentlər zamanı peşə etikası və xüsusi həssaslıq prinsipləri ciddi şəkildə gözlənilməlidir”.

Qeyd edilib ki, “Mətbuat Şurası tərəfindən baş vermiş insidentin bütün halları obyektiv və hərtərəfli araşdırılacaq, hadisə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət veriləcəkdir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.