BAYRAQDAR MEDİA – “1926-cı il noyabrın 6-da Azərbaycan radiosunun fəaliyyətə başlaması ilə əlaqədar Azərbaycanda yeni bir maarifçilik qurumu yaradıldı. Ali dərəcədə Azərbaycan əhalisinin dünyada baş verən hadisələrlə məlumatlandırılması, maddi, mənəvi, mədəni tərbiyəsi üçün yüksək bir qurum yaradıldı. O qurumun əsasını Üzeyir Hacıbəyli başda olmaqla Azərbaycanın siması olan insanlar qoydular. Qurum Azərbaycan əhalisinin maariflənməsi üçün ən böyük qurumlardan birinə çevrildi, 100 il ərzində böyük maarifçilik missiyası yerinə yetirdi”.
Bu sözləri BAYRAQDAR MEDİA-ya Azərbaycanın tanınmış diktoru, Xalq artisti Eldost Bayram söyləyib.
Xalq artisti vurğulayıb ki, 1926-cı ildən bu vaxta qədər Azərbaycanda neçə nəsil yaranıbsa, hamısı radionun səsi ilə formalaşıb: “Həmin nəsil radionun səsi ilə təhsil görüb, əlbəttə, təhsil müəssisələri ilə bir yerdə. Amma ən əsası radio idi. Çünki elə təhsil müəssisələri var idi ki, müxtəlif səbəblərə görə ora daxil olmaq mümkün deyildi. Bəzi insanlar kənddə idilər, gələ bilmirdilər, bəzilərinin imkanı yox idi. Ancaq radio hamının evində idi, hamının evinə radiolar çəkildi, əhali maarifləndi. Radio ilə həyatın bütün sahələri üzrə maarifçilik proqramları yerinə yetirildi. Yeganə radio idi. Hamı radionu o qədər sevirdi ki, küçələrdə olan dirəklərin ətrafına yığılırdılar ki, məsələn, Sabutay Quliyevin saat 11-də çıxışı var, gedək, ona qulaq asaq”.
E.Bayram bildirib ki, radio hədsiz hörmətə malik oldu və radionun sözünün də təsiri dövlət tərəfindən idi deyə dövlətin özü qədər qüvvətli oldu, böyük oldu: “100 ildə ən əsas Azərbaycan radiosunun etdiyi maarifçilik missiyası idi. Bütün əhali radio vasitəsilə maarifləndi. Bu gün tək radio-televiziya işçilərinin bayramı deyil, bütün Azərbaycan əhalisinin bayramıdır. Dünyadan köçənlərə Allah rəhmət eləsin, ruhları şad olsun, qalanlara can sağlığı arzulayırıq. Özümüzü də təbrik edirik və eləcə də Azərbaycanın bütün əhalisini, radiosevərlərin hamısını ürəkdən təbrik edirik. Hamıya can sağlığı, uğur arzulayırıq”.






İlk şərhi yaza bilərsiniz