Bayraqdar.info – Mayın 5-də Türkiyənin Ankara şəhərində yerləşən Türk Tarix Muzeyi və Parkında görkəmli Azərbaycan şairi Əhməd Cavadın 130 illiyinə həsr olunmuş anım tədbiri və heykəlinin açılış mərasimi keçirilib. Azərbaycanın Türkiyədəki Səfirliyi, Ankara Etiməsqut Bələdiyyəsi və Türk Tarix Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və hər iki ölkənin himnlərinin oxunması ilə başlayıb.
Azərbaycanın Türkiyədəki Səfirliyinin yaydığı məlumata görə, anım mərasimində Etiməsqut Bələdiyyəsinin sədri Ənvər Dəmirəl, Azərbaycan Milli Məclisinin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərov və Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxış ediblər. Onlar Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından, xalqların qardaşlığından danışaraq, Ə.Cavadın yaradıcılığında əsas yer tutan türkçülük ideyaları, şairin faciəvi həyatı barədə ətraflı məlumat veriblər.

“Çıxışların ardından Əhməd Cavadın həyatına dair sənədli film nümayiş etdirilib. Ankara Universitetində təhsil alan azərbaycanlı tələbə Elmira Qoca şairin “Türk övladıyam” şeirini səsləndirib.
“Anım mərasiminin sonrasında Türk Tarixi Parkında ucaldılmış İstiqlal şairi Ə.Cavadın abidəsinin açılış tədbiri baş tutub. Mərasimdə şairin türk milləti qarşısında xidmətləri vurğulanmış və onun xatirəsinin əbədi olaraq xalqlarımızın qəlbində yaşayacağı bildirilib.
“Tədbir çərçivəsində səfir R.Məmmədov və millət vəkili Ə.Ələkbərov Türk Tarixi Muzeyi ilə tanış olaraq, Parkda yerləşən Türk otağını ziyarət ediblər”, – deyə Səfirliyin məlumatında bildirilir.





