Press "Enter" to skip to content

“Smart” qadınlardan smart kəndlər – AZƏRBAYCANDA

Tədbirdən görüntü

Son yeniləmə: 6 İyun 2022 17:16

Ölkə üzrə “Kənd qadınlarının rəqəmsal gücləndirilməsi” kampaniyası başlanıb

Bayraqdar.info – “Naxış” Qadın qrupu: “Bu gün 90 evə sevinc bəxş edildi. Biz qadınlar nəyəsə nail olduqca çalışmaq həvəsimiz daha da artır. Sizdən güc alaraq gücümüzə güc qatırıq”.

Mübarək Hüseynova: “Bu telefonlar kənd qadınları ücün uzaqları yaxın etməklə yanası onların inkisafına verilən xüsusi dəstək və töhfədir”.

Fəridə Sultansoy: “Çox möhtəşəm tədbir idi, yaddaqalan, gözəl gün yaşadıq”.

Sözügedən gün – 3 iyunda 15 rayondan Qax şəhərinə gələn 90-a yaxın kənd qadınını belə sevindirən onların müasir texnologiyalara əlçatanlığı istiqamətində atılan ilk addım oldu. Bunu həyata keçirən isə Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA – ARWA: Azerbaijan Rural Women’s Association) idi.

22 rayon üzrə möhtəşəm kampaniyaya: “Kənd qadınlarının rəqəmsal gücləndirilməsi” kampaniyasına başlanılıb.

Kampaniya çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən 6 noutbuk və ABŞ-ın T-Mobile şirkəti tərəfindən 84 telefon kənd qadınlarına hədiyyə edilib.

AKQA sədri Gülbəniz Qənbərova: “Kampaniyanın ilk şəbəkə görüşü və seminarında yanımızda olan FAO Azərbaycanın ofis rəhbəri Melek Çakmak, Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, nitqləri ilə qadınlarımızı ilhamlandıran AKQA Beynəlxalq Şurasının rəhbəri Tara Şarafudin, ABŞ T-Mobile Şirkətinin əməkdaşı Hau Tran, ABŞ-dakı Meyn Azərbaycanlıları Cəmiyyətinin sədri Tərlan Əhmədova, dəstəkçilərdən KOBİA və KOBSKA təşkilatlarına böyük təşəkkürlər düşür. Artıq ucqar kəndlərdə yaşayan fermer qadınlar satış kanallarına çıxış imkanlarını genişləndirə biləcəklər. Axı mobil cihazları olmayan, kompyuter avadanlığından istifadə etməyi bacarmayan qadınlar nə online təlimlərə və görüşlərə qoşula bilir, nə biznes üçün vacib olan əlaqələri qurur, nə də məhsullarının satışı üçün resurs tapa bilirdilər. Beləcə kiçik biznesləri inkişaf etmir, özləri bəzən ruhdan düşür, kəndin tərəqqisi üçün tam bacarıqlarını ortaya qoya bilmirdilər. Odur ki, kampaniyamızın şüarını belə seçmişik: “Smart qadınlar smart kəndlər yaradır!” Amma ilkin olaraq, 1 illik nəzərdə tutduğumuz bu kampaniyanı yürütmək, bütün kənd qadınlarının bu fürsətdən faydalanmasını təmin etmək üçün partnyorlara, xeyir-dualara və uğur hekayələrinə ehtiyacımız var”.

Elə bu da AKQA-nın uğur hekayələrindən biri: “Tanış olaq: mən Mübarək Huseynovayam və Ağdamın Təzəkənd qəsəbəsində yaşayıram. İki il əvvəl özümü təqdim edərkən sadəcə “evdar xanımam” deyirdim. Amma indi adımın qarşısında nə az, nə çox, beş titul qeyd edirəm. Soruşarsınız ki, bunu necə bacardım? Mənim uğur hekayəm pandemiya vaxtı, hər birimizin evlərə qapandığı vaxtda onlayn təlimlərə qoşulmaqla başladı. Bəzilərinin ruhdan düşdüyü vaxtda mən pandemiyanı fürsətə çevirdim. Çünki həmin təlimlər oflayn olsaydi istirak etməyə, həyatımı dəyişməyə ailəm hec vaxt razı olmazdı. Amma əzmim, həvəsim, özümü inkişaf etdirmək, cəmiyyətə faydalı olmaq qərarım bəhrəsini verdi. Mən nəinki öz isimi qurdum, hətta biznesə çevirdim, üstəgəl qəsəbəmizin Qadın İnkişaf və Müəssisə Qrupunun sədri olmağı belə bacardım. Yaşadığım zonada nümunə göstəriləcək, cəsarətli və güclü bir is qadını kimi tanınıram. “Eh, bəlli yaşdan sonra həyatı dəyişmək olmur” deyənlərin nəzərinə! Mən başlarkən 40 yaşım vardı. Orta təhsilli bir kənd qadını bunu bacara bildisə, deməli hər kəs bacarar. Yetər ki, istək olsun! Gözəl deyim var: “İstəyən yol axtarar, istəməyən bəhanə”. Bu da həyat sloqanım: “Zirvəyə gedən yolda yaş əngəl deyil, faydalı təcrübədir”. Odur ki, AKQA-nın yeni kampaniyasında qadınlarımıza bol uğurlar!”

Qeyd edək ki, xəbəri bayraqdar.info-ya iyunun 6-da Azərbaycan Kənd Qadınları Assosiasiyasından veriblər.

Mission News Theme by Compete Themes.