Press "Enter" to skip to content

21 Azərdən Milli Hökumətə gedən yol

21 Azərdən Milli Hökumətə gedən yol

BAYRAQDAR MEDİA – Azərbaycanın milli-azadlıq mübarizəsi xalqın iradəsini və fədakarlığını əks etdirən çoxsaylı hadisələrlə zəngindir. 1945-ci ilin “21 Azər Hərəkatı” bu mübarizənin əhəmiyyətli səhifələrindən biridir. Dekabrın 10-da Bakı Qızlar Universitetində (BQU) “21 Azərdən Milli Hökumətə gedən yol” mövzusunda keçirilən elmi-praktik konfrans keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BQU-dan daxil olub.

Xəbərdə bildirilir ki, “konfrans sözləri Mir Mehdi Etimada, bəstəsi isə Cahangir Cahangirova aid “Yaşa, yaşa Azərbaycan!” dövlət himninin ifası ilə başlayıb. Giriş nitqi ilə çıxış edən BQU-nun rektoru, Prof. Sevinc Rəhimova Seyid Cəfər Pişəvərinin siyasi lider və dövlət xadimi xüsusiyyətlərini vurğulayaraq onun “21 Azər Hərəkatı”nı milli oyanışın rəmzi və birlik ruhunun təcəssümü kimi qeyd edib. BQU-nun “Tarix” kafedrasının müdiri, Dos. Əzizağa Ələkbərli “Sovet qoşunlarının İrana daxil olması və Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı” mövzusunda məruzə edib”.

Daha sonra xəbərdə, “Azərbaycan Demokrat Firqəsinin (ADF) sədri, Əməkdar jurnalist Rəhim Hüseynzadə “21 Azər Hərəkatı”nın 79-cu ildönümünün qeyd olunmasına görə universitet rəhbərliyinə təşəkkür edib. O, ADF-nin 7-ci sədri olduğunu xatırladaraq bu partiyanın İran və Şərq tarixində əhəmiyyətli bir mövqeyə sahib olduğunu vurğulayıb. R.Hüseynzadə bildirib ki, “21 Azər Hərəkatı”, İranın Azərbaycan bölgəsində milli hökumətin yaradılmasına yol açan tarixi bir dönüş nöqtəsidir. 1945-ci il dekabrın 12-də əsası qoyulmuş bu hərəkat nəticəsində S.C.Pişəvərinin rəhbərliyi ilə ADF mühüm siyasi, mədəni və sosial-iqtisadi islahatlara imza atıb. O, ADF-nin qısa müddətlik hakimiyyəti dövründə reallaşdırılan islahatlar İran tarixinin 100 ilinə bərabər olduğunu iştirakçıların diqqətinə çatdırıb” deyə qeyd edilir.

Xəbərdə həmçinin vurğulanır ki, “BQU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı çıxışında S.C.Pişəvərinin liderliyini İran Azərbaycanında çoxsaylı önəmli dəyişikliklərin təşviqi kimi dəyərləndirib. O, qeyd edib ki, Pişəvəri dövründə Azərbaycan dili dövlət dili elan edilmiş, məktəblərdə tədris və dövlət idarələrində danışıq və yazışmalar ana dilində aparılıb. Konfransda S.C.Pişəvərinin həyat və fəaliyyətindən bəhs edən videoçarx izlənilib və ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Dekabrın 12-də İsveçdən yayımlanacaq “21 Azər Həftəsi” proqramının ümummilli lider Heydər Əliyevə həsr olunacağı elan edilib. Sonda S.Rəhimova “21 Azər Hərəkatı”nın milli birliyin, fədakarlığın və azadlıq ruhunun parlaq nümunəsi kimi qiymətləndirib. O vurğulayıb ki, bu cür tədbirlər gənc nəsillərə milli dəyərlərin ötürülməsinə xidmət edir”.

Konfransın sonunda xatirə şəkli çəkdirilib.

Mission News Theme by Compete Themes.