BAYRAQDAR MEDİA – ADA Universitetinin İxtisasartırma Proqramı bu ilin oktyabr ayından etibarən “Yelo Bank” əməkdaşları üçün təqdim etdiyi “Liderlik Bacarıqlarının İnkişafı” proqramını yekunlaşdırıb. Bu münasibətlə dekabrın 10-u bağlanış mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ADA-dan daxil olub.
Xəbərdə deyilir ki, “mərasimdə iştirak edən ADA Universitetinin Akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov və onun müşaviri Aygün Hacıyeva dinamik iş mühitinin dəyişkən tələbləri ilə uzlaşmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və akademik mühitdə yeni biliklər öyrənmək üçün proqrama qoşulan iştirakçıları təbrik edib, onlara sertifikatlarını təqdim edib. Tədbirdə çıxış edən “Yelo Bank” ın İnsan Resursları şöbəsinin rəhbəri Məhbubə Ziyadlı proqram iştirakçılarına öyrəndiklərini komanda yoldaşları ilə də bölüşməyi və bu yolla proqramın səmərəliliyini daha da artırmağı tövsiyə edib”.
Sonra xəbərdə, “”Yelo Bank”da menecer kimi fəaliyyət göstərən 25 əməkdaşın iştirakı ilə keçirilən proqramın iştirakçı sayında əvvəlki dövrlə müqayisədə artım müşahidə olunub. 7 moduldan ibarət proqram zamanı menecerlər liderlik bacarıqları, emosional zəka, rəy vermə və alma kimi mövzular üzrə praktiki bacarıqlar əldə ediblər. İnteraktiv proqramın məzmunu çevik liderlik bacarıqları, ünsiyyəti, etik qaydaları və düşüncə tərzi, habelə dəyişikliyin və komandanın uğurla idarə edilməsi kimi mövzuları da əhatə edib” deyə qeyd olunur.
ADA Universitetinin müəllimləri, idarəetmə, liderlik, strategiya və kommunikasiya sahəsində geniş təcrübəyə malik, dövlət və özəl sektorun ekspertləri, habelə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri tərəfindən tədris edilən proqramda iştirakçılar təqdimatlar, “beyin fırtınası”, “keys” çalışmaları, praktiki tapşırıqlar, qrup işləri və simulyasiyalar vasitəsilə öyrəndiklərini tətbiq ediblər.





