BAYRAQDAR MEDİA – Təbriz Universitetinin 22 yaşlı tələbəsi Ehsan Fəridinin edam hökmü İran Ali Məhkəməsi tərəfindən təsdiqlənib və o, hökmün icrası ərəfəsindədir.
Xəbəri “ArazNews” Telegram kanalı yayıb.
Xəbərə görə, “azərbaycanlı hüquq müdafiəçisi və vəkil Sina Yusifi sosial şəbəkə hesabında yazıb ki, Fəridi daha əvvəl Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsinin hakimi Həsən Fəthpur tərəfindən “yer üzündə fəsad törətmək” ittihamı ilə edama məhkum edilmişdi. Halbuki onun ilkin ittihamı “rejim əleyhinə təbliğat fəaliyyəti aparmaq” idi və zaminə buraxıldıqdan 40 gün sonra ittiham dəyişdirilərək yenidən həbs olunub Təbriz həbsxanasına köçürülmüşdü”.
Qeyd edilib ki, “istintaqa rəhbərlik edən Seyid Əli Musəvi araşdırma zamanı Fəridinin ailəsindən rüşvət tələb etmiş, ailə imtina etdikdən sonra tələbəyə qarşı daha ağır ittiham irəli sürülmüşdür. Bildirilir ki, həmin müstəntiq sonradan iqtisadi korrupsiya işi ilə bağlı məhkəmə sistemindən kənarlaşdırılıb. Hazırda azərbaycanlı tələbə Ehsan Fəridinin həyatı ciddi edam təhlükəsi altındadır”.





