BAYRAQDAR MEDİA – Bakı Dövlət Universiteti (BDU) ilə Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti (QMTTU) arasında əməkdaşlıq əlaqələri genişlənir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “QMTTU-nun rektoru Meyram Beqentayevin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da səfərdə olub. Görüş zamanı tərəflər əməkdaşlığın mövcud vəziyyəti və perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar. BDU-nun rektoru Elçin Babayev QMTTU ilə formalaşmış əməkdaşlıq əlaqələrinə toxunaraq bildirib ki, magistratura səviyyəsində “Neft kimyası” ixtisaslaşması üzrə ikili diplom proqramı həyata keçirilir və bu təcrübə digər ixtisaslar üzrə də oxşar proqramların hazırlanması üçün əsas yaradır. Rektor həmçinin tədris prosesi, akademik mübadilə və birgə təhsil təşəbbüslərinin genişləndirilməsinin əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu qeyd edib”.
Daha sonra xəbərdə, “M.Beqentayev isə çıxışında diqqəti daha çox elmi tədqiqatlar və innovasiya fəaliyyəti üzrə əməkdaşlığın inkişafına yönəldərək bildirib ki, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, müasir elmi istiqamətlər üzrə koordinasiyalı fəaliyyət və tətbiqyönümlü nəticələrin əldə olunması mühüm əhəmiyyət daşıyır. O, həmçinin elmi nəşrlər, tədqiqatçıların qarşılıqlı fəaliyyəti və beynəlxalq layihələrdə birgə iştirakın genişləndirilməsinin zəruriliyini vurğulayıb. Görüş zamanı iki universitet arasında əməkdaşlığın əsas istiqamətləri, xüsusilə kimya, fizika, biotexnologiya və kompüter elmləri sahələrində birgə tədqiqatların aparılması, magistratura və doktorantura səviyyələrində birgə elmi rəhbərlik, ortaq elmi məqalələrin hazırlanması məsələləri müzakirə olunub. Müasir texniki ixtisaslar üzrə yeni ikili diplom proqramlarının yaradılması da müzakirə mövzuları sırasında yer alıb” deyə qeyd olunur.
Daha sonra Universitetin “Heydər Əliyev Lektoriyası”nda professor-müəllim heyətinin iştirakı ilə BDU ilə QMTTU arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Səfərin sonunda QMTTU-nun nümayəndə heyəti BDU-nun yenilənmiş infrastrukturu ilə tanış olub.






İlk şərhi yaza bilərsiniz