CASCFEN sədri Qazaxıstanın Atameken Business telekanalının “Alem Tynysy” proqramında sualları cavablandırıb
BAYRAQDAR MEDİA – Türk Dövlətləri Təşkilatı son illər müəyyən yol qət edib. Eyni zamanda iqtisadi baxımdan da önəmli addımlar atılı. Lakin hələlik TDT daxilində tamhüquqlu ümumi bazarın yaradılmasından danışmaq tezdir. Çünki türk dövlətlərinin nə vahid valyutası, nə də ümumi gömrük ərazisi mövcuddur. Hər bir ölkə öz qanunvericiliyini və iqtisadi maraqlarını əsas götürür. Bu baxımdan Türk İnvestisiya Fondunun səmərəliliyi də mühüm əhəmiyyət daşıyır. Fondun fəaliyyəti maliyyələşdirilən layihələrin nəticələri əsasında qiymətləndirilməlidir.
Bu barədə Qazaxıstanın Atameken Business telekanalının “Alem Tynysy” (Dünyanın nəbzi) adlı həftəlik analitik-informasiya proqramında bəhs edilib. Verilişdə qeyd edilib ki, 2026-cı ildə TDT daxilində beynəlxalq elektron əmtəə-nəqliyyat qaiməsi olan e-CMR sisteminin tətbiqinə dair Anlaşma Memorandumu imzalanıb. Bununla yanaşı, rəqəmsal iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə ölkələr xidmətlər sahəsində azad ticarətin inkişafı yollarını nəzərdən keçirirlər. Bildirilib ki, ekspertlərin fikrincə, təşkilatın qarşısında duran növbəti vəzifə siyasi razılaşmaları konkret nəticələrə çevirməkdir. Məsələn, elektron sənədlər vasitəsilə yüklərin sərhəddən keçirilməsi müddəti qısaldılmalı və xərclər azaldılmalıdır. Bunun üçün ölkələrin informasiya sistemləri bir-biri ilə uzlaşdırılmalı, ümumi qaydalar praktikada tətbiq edilməlidir.
Reportajda mövzu ilə danışan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib ki, qarşıdakı 3-5 il ərzində türk dövlətləri Orta Dəhlizin imkanlarının genişləndirilməsi, gömrük prosedurlarının rəqəmsallaşdırılması, elektron nəqliyyat sənədlərinin tətbiqi və rəqəmsal ticarətin inkişafı istiqamətlərində konkret nəticələr əldə edə bilərlər: “TDT daxilində Rəqəmsal İqtisadi Tərəfdaşlıq haqqında Saziş imzalanıb, Türk İnvestisiya Fondu isə layihələrin maliyyələşdirilməsinə başlayıb. İnteqrasiyanın nəticələrini qiymətləndirmək üçün ticarət dövriyyəsinin və investisiyaların həcminin artımı, birgə layihələrin sayı, gömrük rəsmiləşdirilməsinə sərf olunan vaxt, logistika xərcləri və elektron sənədlərdən istifadə səviyyəsi kimi konkret göstəricilər müəyyənləşdirilməlidir”.
Nadir Azərinin qənaətinə görə, bu məqsədlərə nail olunması əməkdaşlığın bəyannamələr səviyyəsindən real iqtisadi inteqrasiyaya keçdiyini göstərəcək.
Məlumat üçün bildirək ki, Qazaxıstanın ilk biznes və iqtisadiyyat yönümlü televiziya kanalı olan Atameken Business 2016-cı ilin may ayında fəaliyyətə başlayıb, həmin il dekabrın 1-dən peyk və kabel şəbəkələri vasitəsilə 24 saatlıq yayıma keçib. Kanalın əsas məqsədi ölkədə və dünyada baş verən iqtisadi, maliyyə və biznes hadisələri barədə operativ, obyektiv məlumat verməkdir. Telekanalın əsas auditoriyasını sahibkarlar, biznes nümayəndələri, dövlət və özəl şirkətlərin rəhbərləri, investorlar, iqtisadçılar, ekspertlər, mütəxəssislər və iqtisadi məsələlərlə maraqlanan geniş ictimaiyyət təşkil edir. Kanalın 2025-ci il media təqdimatında aylıq televiziya auditoriyasının 13 milyon nəfər olduğu göstərilir. Yayım əsasən qazax və rus dillərində həyata keçirilir.
Telekanalın proqramları arasında iqtisadi və siyasi xəbərlər, analitik verilişlər, müsahibələr, bazar təhlilləri, nəqliyyat-logistika, sahibkarlıq və rəqəmsal iqtisadiyyat mövzularına həsr olunmuş layihələr yer alır. Onun tanınmış proqramları sırasında APTA AINASY, SÓZBE SÓZ, EXCLUSIVE, THE WEEKLY REVIEW və ÁLEM TYNYSY xüsusi yer tutur.
ÁLEM TYNYSY həftə ərzində dünyada baş verən ən mühüm hadisələri ümumiləşdirən informasiya-analitik proqramdır. Verilişdə beynəlxalq siyasi və geosiyasi proseslər, regional və qlobal hadisələr Qazaxıstanın çoxvektorlu xarici siyasəti prizmasından təhlil olunur, nüfuzlu ekspertlərin rəylərinə yer verilir.














İlk şərhi yaza bilərsiniz