BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində 2026-cı ildən etibarən ilk dəfə olaraq mərkəzləşdirilmiş buraxılış imtahanları keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “yeni mexanizm ölkə üzrə bütün müvafiq təhsil müəssisələrində vahid qiymətləndirmə yanaşmasının tətbiqini nəzərdə tutur. Məqsəd şagirdlərin bilik və bacarıqlarını eyni meyarlar əsasında ölçmək, nəticələrin obyektivliyini artırmaq və müxtəlif məktəblər üzrə əldə olunan göstəricilərin müqayisəsini mümkün etməkdir. Mərkəzləşdirilmiş imtahanlarda 8 min 600-ə yaxın şagirdin iştirakı gözlənilir. Nəticələr yalnız buraxılış göstəricilərini müəyyənləşdirməklə məhdudlaşmayacaq, eyni zamanda, tədrisin keyfiyyətinin təhlili, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyən olunması üçün əsas rol oynayacaq”.
İmtahanlar ixtisasların spesifik xüsusiyyətləri nəzərə alınmaqla təşkil ediləcək. Şagirdlərin həm nəzəri hazırlığı, həm də praktiki bacarıqları vahid və şəffaf qaydada yoxlanılacaq.
Tətbiq edilən bu yenilik incəsənət təhsilində keyfiyyət standartlarının yüksəldilməsinə, qiymətləndirmə sisteminin daha müasir və effektiv əsaslarla qurulmasına xidmət edir.










İlk şərhi yaza bilərsiniz