BAYRAQDAR MEDİA – 3 noyabr 2026-cı il tarixində “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin sədri Lalə Sərdarlı və Birliyin Xarici Əlaqələr Şöbəsinin rəhbəri, Araşdırmalar Mərkəzinin direktoru İsgəndər Sərdarlı Azərbaycan Respublikasındakı Misir Ərəb Respublikası Səfirliyinin nəzdində fəaliyyət göstərən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzini ziyarət ediblər.
Xəbər BAYRAQDAR MEDİA-ya Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin informasiya mərkəzindən daxil olub.
Xəbərdə deyilir ki, “görüş Mərkəzin mədəniyyət məsələləri üzrə attaşesi və direktoru, professor-doktor Tarek M. Əbu əl-Futuh (TAREK M. ABOUL-FOTOUH) ilə qarşılıqlı maraq və konstruktiv dialoq şəraitində keçib. Tərəflər Azərbaycan və Misir arasında tarixi-mədəni əlaqələrin möhkəmləndirilməsi yollarını, beynəlxalq əməkdaşlığın yeni perspektivlərini, eləcə də hər iki xalqın mədəni irsinin qarşılıqlı tanıdılması imkanlarını müzakirə ediblər. Professor-doktor Tarek M. Əbu əl-Futuh qonaqları böyük səmimiyyət və diqqətlə qarşılayaraq Mərkəzin fəaliyyəti, onun mədəni-maarifçilik missiyası, ekspozisiyası və burada nümayiş etdirilən müxtəlif sənət nümunələri haqqında ətraflı məlumat verib. Görüş iştirakçıları Mərkəzin ayrı-ayrı bölmələri ilə tanış olmaq, qədim Misirin zəngin tarixi, mədəniyyəti, incəsənət və tətbiqi sənət sahəsindəki ənənələri barədə məlumat əldə etmək imkanı qazanıblar. Söhbət zamanı Azərbaycan və Misir xalqlarını birləşdirən dərin tarixi dostluq münasibətlərinə, bu əlaqələrin möhkəmləndirilməsində mədəni əməkdaşlığın əhəmiyyətinə xüsusi diqqət yetirilib. Tərəflər bəşəriyyətin ortaq sivilizasiya irsinin öyrənilməsi, qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayıb, xüsusilə qədim sivilizasiyalardan miras qalmış irsə diqqətin artırılmasının əhəmiyyətini qeyd ediblər”.
Bildirilib ki, “görüş çərçivəsində İctimai Birliyin Araşdırmalar Mərkəzinin elmi-tədqiqat fəaliyyəti, o cümlədən hazırda İsgəndər Sərdarlının üzərində işlədiyi iki kitab layihəsi haqqında da məlumat verilib. Kitablardan birincisi — “Dünya Sandıqçılıq İrsi” — dünyanın müxtəlif ölkələrində sandıqçılıq sənətinin tarixinə, ənənələrinə, bədii və texnoloji xüsusiyyətlərinə həsr olunur. İkinci kitab — “Dünyada sandıqların funksiyaları” — müxtəlif xalqların həyatında sandıqların tarixi rolunu, praktiki istifadə sahələrini və mədəni məna çalarlarını araşdırır”.
Qeyd edilib ki, “Dünya sandıqçılıq sənətinin tarixi kontekstində qədim Misir sandıqları müzakirənin xüsusi mövzusuna çevrilib. İştirakçılar firon Tutanxamonun məqbərəsində aşkar edilmiş qiymətli sandıqlar, onların bədii-dekorativ elementləri, hazırlanma texnologiyaları, eləcə də qədim Misirin sosial və mədəni həyatındakı funksiyaları barədə fikir mübadiləsi aparıblar. Tərəflər qədim Misirdə sandıqçılıq ənənələrinin daha dərindən öyrənilməsinin, bu sahə ilə bağlı tarixi mənbə və elmi materiallarla tanışlığın gələcək əməkdaşlıq üçün perspektivli istiqamət ola biləcəyini bildiriblər. Bu çərçivədə məlumat və təcrübə mübadiləsinə, gələcəkdə birgə tədqiqat təşəbbüslərinin və maarifləndirici təqdimatların həyata keçirilməsi imkanlarına maraq ifadə olunub”.
Lalə Sərdarlı öz növbəsində İctimai Birliyin təşəbbüsü ilə yaradılmış “Sərdar Sandıq Mücrü Ocağı” haqqında məlumat verərək, “burada həyata keçirilən yaradıcılıq və tədqiqat fəaliyyətindən, Azərbaycanda sandıqçılıq ənənələrinin qorunması və müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb. Həmçinin Birliyin fəaliyyəti çərçivəsində ərsəyə gətirilmiş müxtəlif tətbiqi sənət nümunələri və yaradıcılıq layihələri barədə təqdimat edib”.
Daha sonra xəbərdə, “Görüş zamanı Lalə Sərdarlı professor-doktor Tarek M. Əbu əl-Futuhu yaxın gələcəkdə “Sərdar Sandıq Mücrü Ocağı”na dəvət etmək arzusunu da ifadə edib. Bildirilib ki, belə bir ziyarət qonağa bu yaradıcılıq məkanının mühiti, kolleksiyaları və tətbiqi sənət nümunələri ilə yaxından tanış olmaq imkanı yaradacaq. Eyni zamanda, bu səfər nəzərdə tutulan əməkdaşlığın praktiki addımlara çevrilməsinə və Azərbaycan sandıqçılıq ənənələrinin Misir tərəfinə daha geniş şəkildə təqdim edilməsinə töhfə verə bilər. Müzakirələr yalnız mövcud mədəni irsin öyrənilməsi və tanıdılması ilə məhdudlaşmayıb. Azərbaycan və Misirin qədim sənət ənənələrindən qaynaqlanan, iki ölkənin qarşılıqlı mədəni təsir və zənginləşmə prinsiplərinə əsaslanan yeni bədii nümunələrin yaradılması imkanları da diqqət mərkəzində olub. Tərəflər bu istiqamətlərdə əməkdaşlığın hər iki xalqın mədəni irsinin daha geniş tanıdılmasına, elmi bilik və praktiki təcrübə mübadiləsinə, ümumbəşəri mədəni irsin qorunmasına və inkişafına mühüm töhfə verə biləcəyini vurğulayıblar.
Görüş səmimiyyət, dostluq və qarşılıqlı anlaşma şəraitində keçib. Müzakirələr tərəflərin nəzərdən keçirilən əməkdaşlıq istiqamətlərinin inkişafına qarşılıqlı marağını nümayiş etdirib. Görüşün sonunda müzakirə olunan sahələr üzrə əlaqələrin davam etdirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətə hazır olduqları bildirilib. İctimai Birliyin sədri Lalə Sərdarlının və Birliyin rəhbərliyinin adından professor-doktor Tarek M. Əbu əl-Futuha səmimi qarşılanmaya, qonaqpərvərliyə, nümayəndə heyətinə göstərdiyi diqqətə, Mərkəzin fəaliyyəti ilə ətraflı tanışlıq üçün yaratdığı şəraitə, eləcə də görüş zamanı baş tutan səmərəli dialoqa və konstruktiv fikir mübadiləsinə görə dərin təşəkkür və minnətdarlıq ifadə olunub” deyə qeyd edilib.
Bildirilib ki, “bu görüş Azərbaycan və Misir arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, xalqların tarixi və sivilizasiya dəyərlərinin qarşılıqlı tanıdılması imkanlarının genişləndirilməsi, gələcəkdə yeni birgə təşəbbüs və layihələrin həyata keçirilməsi üçün mühüm addım kimi qiymətləndirilib”.






İlk şərhi yaza bilərsiniz