BAYRAQDAR MEDİA – ADA Universitetinidəki proqram çərçivəsində film nümayişi, heykəltəraşlıq və müasir incəsənət nümunələrinin təqdimatı, habelə beynəlxalq mühazirə təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ADA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirin rəsmi açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, ADA Universitetinin rəhbərliyi, akademik və inzibati heyəti, tələbələr, eləcə də tanınmış incəsənət xadimləri iştirak ediblər. Proqram məşhur hərrac aparıcısı və incəsənət məsləhətçisi Simon de Purinin həyat və karyerasından bəhs edən “Çəkic” (The Hammer) sənədli filminin nümayişi ilə başlayıb. Ekran işinin təqdimatından sonra Simon de Puri, prodüser Aleksey Ageyev və rejissor Simon Vallonun iştirakı ilə sual-cavab sessiyası keçirilib. Tədbirin əsas layihələrindən biri Amerika Birləşmiş Ştatlarının Müstəqillik Bəyannaməsinin qəbulunun 250 illiyinə həsr olunmuş “WE THE ARTISTS” beynəlxalq incəsənət layihəsi olub. ADA Universiteti, ART, HUG və Niaqara Universitetinin Castellani İncəsənət Muzeyinin əməkdaşlığı ilə hazırlanan bu təşəbbüs azadlıq, kimlik, mənsubiyyət və gələcək mövzularına fokuslanıb. Sərgi çərçivəsində Castellani İncəsənət Muzeyinin kolleksiyasından rəqəmsal əsərlər və beynəlxalq iştirakçılarının işləri ziyarətçilərə təqdim edilərək böyük maraqla qarşılanıb”.
Daha sonra xəbərdə, “sərgidə Xalq rəssamı Akif Əsgərovun, heykəltəraşlar Orxan Nəbizadə, Novruz Məmmədov və Kamran Əsədovun əl işləri bu dialoqa məkan və forma ölçüsü əlavə edib. Ekspozisiyada həmçinin Anar Hüseynzadə, Nərmin Nəcəf, İrina Eldarova, Cəsar Məmmədov, Vüqar Əli, Anar Yolçıyev, Emin Qasımov, Aliyə Əsədullayeva, Ayləl Əziz, Leyla Ələkbərova, Cemma İsgəndər kimi yerli rəssamların əsərləri təqdim olunub. Tədbir çərçivəsində qonaqlar, xalq rəssamları Cəlil Hüseynov və Elbəy Rzaquliyevin, Əməkdar rəssam Rəşad Mehdiyevin, eləcə də Azərbaycanın ilk peşəkar qadın rəngkarı Vəcihə Səmədovanın nadir rəngkarlıq əsərləri iləd tanış olmaq imkanı əldə ediblər. Bu əsərlərin orijinalda nümayişi Azərbaycan rəngkarlıq irsini sərginin beynəlxalq konteksti ilə əlaqələndirərək, fərdi yaddaş və mədəni mənsubiyyət mövzularına yeni baxış imkanı yaradır” deyə qeyd edilir.
Proqram sənət tarixçisi, kurator, müasir incəsənət və muzeyşünaslıq sahəsinin nüfuzlu mütəxəssisi Yoaxim Pissarronun açıq mühazirəsi ilə davam edib. O, bu cür tədbirlərin universitetdə təşkil olunmasının əhəmiyyətini vurğuladı. Natiq incəsənət və mədəniyyətin müxtəlif sivilizasiyalar arasında necə inteqrasiya olunduğunu göstərmək üçün fərqli dövrlərə aid beynəlxalq və Azərbaycan rəssamlarının əsərlərini müqayisə etdi.
Bundan əlavə, Ömər Eldarov, Görüş Babayev, A.Əsgərov, Mirəli Mirqasımov və digər tanınmış Azərbaycan heykəltəraşlarının əsərlərini bir araya gətirən “Heykəllərin izi ilə” adlı açıq hava sərgisinə baxış keçirilib.






İlk şərhi yaza bilərsiniz