Press "Enter" to skip to content

Azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Elçin Mustafayev

Elçin Mustafayev: İstanbul gecələrinə həsr edilən sərgi şəhərin yalnız fiziki bir quruluş deyil, eyni zamanda, kollektiv yaddaşın çoxqatlı daşıyıcısı olması ideyası üzərində qurulub

BAYRAQDAR MEDİA – İstanbulda azərbaycanlı rəssam, Türkiyənin Karamanoğlu Mehmetbey Universitetinin sənət, dizayn və memarlıq fakültəsinin rəngkarlıq bölməsinin müəllimi Elçin Mustafayevin “Şəhərin yaddaşı” mövzusunda fərdi sərgisi açılıb.

Sərgidə xatirə fotosu
Sərgidə xatirə fotosu

Bu barədə BAYRAQDAR MEDİA-ya Elçin Mustafayev özü məlumat verib.

O, qeyd edib ki, İstanbulun Hasan Sarıtaş Qalereyasında reallaşan açılış mərasimində Azərbaycanın Əməkdar rəssamları Teymur Rzayev, Yaşar Zeynalov, Azərbaycanın Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov, Əməkdar artist İslam Manafov kimi Türkiyədə fəaliyyət göstərən bir çox görkəmli sənətkarlar, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədrinin müşaviri Pərviz Məmmədzadə və bir çox ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərgidən görüntü
Sərgidən görüntü

Rəssamın sözlərinə görə, İstanbul gecələrinə həsr edilən sərgi şəhərin yalnız fiziki bir quruluş deyil, eyni zamanda, kollektiv yaddaşın çoxqatlı daşıyıcısı olması ideyası üzərində qurulub: “İstanbulda açılan sərgimdə təqdim edilən “Şəhərin yaddaşı” mövzusunu işləməkdə əsas məqsədim bu şəhərdə yaşadığım illər ərzində buranın məndə yaratdığı xüsusi təəssüratları ifadə etməkdir. İstanbul dünyanın mərkəzlərindən biri kimi həm tarixi memarlıq abidələri, həm də möhtəşəm şəhər quruluşu ilə hər kəsin diqqətini cəlb edir. Lakin mənim üçün bu şəhərin ən təsirli tərəfi onun axşam görüntüləri idi. İstanbulda axşam gəzintiləri zamanı bir gün bu ab-havanı rəsmlərimdə əks etdirməyi düşünürdüm”.

"Boğaz körpüsü" adlı əsər
“Boğaz körpüsü” adlı əsər

O da qeyd edilib ki, sərgidə ümumilikdə yağlı boya və akril texnikasında işlənən 16 əsər təqdim olunur: “Rəsmlərdə İstanbulun simvolik məkanları – Qalata və Qız qüllələri, Rumeli Hisarı, Sultanahmet, Ayasofya, Haydarpaşa, Bebek və Ortaköy kimi tarixi abidələri, bölgələr yer alır. Bundan sonra da bu seriya üzərində işləməyə davam edəcəyəm. Yeni əsərlər yaratmağı və onları fərqli şəhərlərdə keçiriləcək sərgilərdə nümayiş etdirməyi planlaşdırırıq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.