Press "Enter" to skip to content

Arxeologiya və Antropologiya İnstitutunun professorları Vikipediyada

Arxeologiya və Antropologiya İnstitutunun professorları Vikipediyada

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli Azərbaycandilli Vikipediyada AMEA Arxeologiya və Antropologiya İnstitutunun professorlarının – Hidayət Cəfərov (arxeoloq), Əliağa Məmmədli (antropoloq), Məhəbbət Paşayeva (etnoqraf) məqalələrini yaradıb.

Məqalələrlə bağlı BAYRAQDAR MEDİA-ya məlumat verən X.Məmmədli bildirib ki, məqalələrini ərsəyə gətirdiyi alimlər Azərbaycan elmində öz sözünü demiş, öz üslub və dəst-xətti ilə seçilən dəyərli professorlardır: “Mənə görə alim yalnız elmi fəaliyyəti ilə deyil, o cümlədən şəxsi keyfiyyətləri ilə də cəmiyyətdə örnək təşkil etməlidir. Professorlarımız – Hidayət Cəfərov, Əliağa Məmmədli və Məhəbbət Paşayeva öz sahələrində elmə qatdıqları töhfələri ilə yanaşı, yüksək insani keyfiyyətləri ilə də mənim üçün örnək alimlərimizdəndirlər. Onların həm arxeologiya, həm antropologiya, həm də etnoqrafiya elm sahələrinə verdikləri töhfələri, yerli və beynəlxalq elmi konfranslarda Azərbaycanımızı təmsili istiqamətində etdikləri çıxışlar, geniş elmi fəaliyyətləri istər Azərbaycan, istərsə də xaricidilli vikipediyalarda professorlarımızın tanıdılması baxımından böyük zəruriyyət idi”.

O eləcə də deyib: “Professor, antropoloq Əliağa Məmmədli Azərbaycanın ilk antropologiya elmləri doktorudur. Azərbaycanda müasir etnomədəni proseslərin mahiyyəti və istiqamətlərinin, Azərbaycanda müasir etnoslararası münasibətlərə təsir edən amillərin müəyyənləşdirilməsi Əliağa Məmmədlinin əsas elmi nailiyyətləri sırasındadır. Professor, arxeoloq Hidayət Cəfərovun Eneolit, Tunc və Erkən dəmir dövründə ictimai-siyasi, sosial-iqtisadi və etnik-mədəni proseslərin tədqiqi, Kür-Araz, Üzərliktəpə, Xocalı-Gədəbəy arxeoloji mədəniyyətlərinin təşəkkülü, xarakterik xüsusiyyətləri, yayılma arealı, lokal variantlarının müəyyən edilməsi istiqamətində töhfələri böyükdür. Professor, etnoqraf Məhəbbət Paşayevanın elmi naliyyətləri sırasında “Azərbaycanlıların adət və inancları” probleminin araşdırılması, Azərbaycanda yaşayan azsaylı xalqların etnik ənənələrinin qarşılıqlı–müqayisəli tədqiqi yer alır”.

Qeyd edək ki, hər üç professorun elmi fəaliyyəti haqqında daha ətraflı onların Vikipediya səhifələrindən məlumatlanmaq mümkündür.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.