Press "Enter" to skip to content

Türk dünyasının mənəvi dəyərlərinə əsaslan əməkdaşlıq

Sərgiyə baxış zamanı

Bakıda “Qazaxıstan – Azərbaycan: Mədəniyyətlərin Dialoqu” beynəlxalq sərgisinin açılışı olub

BAYRAQDAR MEDİA – Son illər Azərbaycan – Qazaxıstan əməkdaşlığı inkişafca yeni mərhələyə qədəm qoyub. Bütün sahələri əhatə edən əməkdaşlıq getdikcə daha da dərinləşir. Təbii ki, bu sırada mədəniyyət və incəsənət tədbirləri də öz rolunu oynayır.

Mayın 6-da sözügedən istiqamətdə daha bir addım atıldı. Azərbaycan Milli İncəsənət Muzeyində Qazaxıstanın Abılxan Kasteyev adına Milli İncəsənət Muzeyinin kolleksiyasından əsərlərin nümayiş olunduğu “Qazaxıstan – Azərbaycan: Mədəniyyətlərin Dialoqu” beynəlxalq sərgisinin açılışı oldu.

Məlumat üçün bildirək ki, sərgi Azərbaycan Mədəniyyət Nazirliyi, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin dəstəyi ilə təşkil olunub. Sərgidə Qazaxıstanın müxtəlif nəsillərə aid rəssamlarının 30-a yaxın rəngkarlıq əsəri təqdim olunur.

Alim Bayel çıxış edərkən
Alim Bayel çıxış edərkən

Açılış mərasimində də bəyan edildiyi kimi layihə Qazaxıstanın bədii irsini geniş mədəni-tarixi kontekstdə dərk etməyə yönəlib. Bu layihə ortaq tarixi təcrübəyə, türk mədəni mühitinə mənsubluğa və milli incəsənət məktəblərinin formalaşmasındakı bənzər proseslərə əsaslanan mədəniyyətlərarası dialoq forması kimi qurulub.

Açılış mərasimi
Açılış mərasimi

Qazaxıstan tarixən müxtəlif sivilizasiyaların və bədii ənənələrin intensiv qarşılıqlı təsir zonasında inkişaf edib ki, bu da onun təsviri sənətinin özünəməxsusluğunu müəyyən edib. Burada akademik məktəb ilə köçəri mədəniyyətinə söykənən obrazlı təfəkkür üzvi şəkildə birləşir. Ekspozisiya müxtəlif nəsillərə aid rəssamların yaradıcılığından keçən dayanıqlı tematik xətləri üzə çıxarır: insan və təbiət münasibətləri, köçəri sivilizasiyasının ənənəvi həyat tərzinin interpretasiyası, kollektiv yaddaş fenomeni və tarixi transformasiyalar şəraitində mədəni kimlik axtarışları.

Bu cür layihələr iki qardaş xalq arasında mədəni dialoqun daha da möhkəmlənməsinə töhfə verir

Ekspozisiyada milli rəngkarlıq məktəbinin formalaşmasının kökündə duran sənətkarların – Abılxan Kasteyev, Moldaxmet Kenbayev, Kanafiya Teljanov, Nurbek Tansıkbayev və Mariya Lizoqubun əsərləri mühüm yer tutur. Onların yaradıcılığında akademik ənənə ilə milli obrazlı təfəkkürün sintezinə əsaslanan özünəməxsus bədii dil formalaşır. Ayşə Qalimbayeva, Sabur Mambeyev, Salixitdin Aytbayev və Şaymardan Sariyevin əsərlərində isə obrazın daxili məzmununa, onun rəmzi və fəlsəfi aspektlərinə diqqət daha da artır. Mənzərə, natürmort və tematik tablo janrları burada yalnız vizual motivlər deyil, həm də məkanın, mədəniyyətin və zamanın bədii dərki üsulları kimi çıxış edir.

Sərgidə nümayiş olunan əsərlər
Sərgidə nümayiş olunan əsərlər

Açılış mərasimində çıxış edən Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirdi ki, Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlər ortaq tarixə, zəngin mədəni irsə və türk dünyasının mənəvi dəyərlərinə əsaslanır: “Bu gün ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb və bu cür layihələr iki qardaş xalq arasında mədəni dialoqun daha da möhkəmlənməsinə, incəsənət sahəsində əməkdaşlığın və humanitar əlaqələrin genişlənməsinə töhfə verir.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova isə qeyd etdi ki, 2024-cü ildə Abılxan Kasteyev adına Qazaxıstan Milli İncəsənət Muzeyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb və o vaxtdan iki qurum arasında fəal əməkdaşlıq başlayıb.

Bu sərgi hər iki ölkənin mədəni həyatında əlamətdar hadisəyə çevriləcək

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel layihənin həyata keçirilməsinə görə hər iki ölkənin muzeylərinə minnətdarlığını bildirdi. Səfir dedi ki, bu cür təşəbbüslər qardaş xalqlar arasında mədəni dialoqun, mənəvi yaxınlığın və dostluğun möhkəmlənməsinə töhfə verir: “Əminəm ki, bu sərgi hər iki ölkənin mədəni həyatında əlamətdar hadisəyə çevriləcək və humanitar əməkdaşlığın daha da inkişafına səbəb olacaq”.

Ayşə Qalimbayevanın 1967-ci ildə çəkdiyi "Yun qırxanlar" əsəri
Ayşə Qalimbayevanın 1967-ci ildə çəkdiyi “Yun qırxanlar” əsəri

Qazaxıstanın Abılxan Kasteyev adına Milli İncəsənət Muzeyinin direktoru Qulaim Jumabekova çıxışında bildirdi ki, Qazaxıstan təsviri sənətini Azərbaycanda təmsil etmək böyük şərəf və mühüm mədəni missiyadır: “Sərgi türk dünyasının ortaq tarixi köklərinə və mənəvi dəyərlərinə əsaslanan mədəni dialoq məkanı kimi qurulub. Nümayiş olunan əsərlər Qazaxıstan və Azərbaycan xalqlarının ortaq mədəni məkanını formalaşdıran bədii düşüncənin ahəngini və vizual kodları əks etdirir. Qazaxıstan təsviri sənətinin banilərindən biri olan Abılxan Kasteyevin yaradıcılığı muzey kolleksiyası üçün böyük əhəmiyyət kəsb edir”.

Xatırladaq ki, sərgi avqustun 31-dək davam edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.