BAYRAQDAR MEDİA – Mayın 15-də Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tədbir 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan “Bakı Şəhərsalma Həftəsi 2026” platformasının əsas tədbirlərindən biridir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən keçirilən WUF13 dayanıqlı urbanizasiya sahəsində qlobal dialoq üçün ən mühüm platformalardan biri hesab olunur. “Bakı Şəhərsalma Həftəsi 2026” bu mühüm qlobal tədbirə hazırlıq mərhələsində milli səviyyədə fikir mübadiləsi, akademik müzakirələr və tərəfdaşlıq imkanlarının genişləndirilməsi üçün platforma rolunu oynayır. Bu çərçivədə keçiriləcək konfrans ölkənin akademik və institusional potensialını beynəlxalq gündəliklə əlaqələndirməyi, davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması yollarını araşdırmağı hədəfləyir”.
Daha sonra xəbərdə, “konfrans insan kapitalının – təhsil sistemləri, elmi-tədqiqat potensialı, peşəkar hazırlıq, institusional bacarıqlar və rəqəmsal savadlılığın davamlı şəhər inkişafında həlledici rolunu ön plana çıxaracaq. Tədbirdə şəhərsalma, memarlıq, mühəndislik, ekologiya, iqtisadiyyat, hüquq, sosial elmlər və rəqəmsal texnologiyalar kimi müxtəlif sahələri əhatə edən multidissiplinar yanaşmalar müzakirə olunacaq. Konfrans dövlət qurumlarının rəhbərlərini, BMT nümayəndələrini, beynəlxalq ekspertləri, alimləri və şəhər inkişafı üzrə mütəxəssisləri bir araya gətirəcək. Müzakirələrdə inklüziv və dayanıqlı şəhərlərin inkişafı, iqlim dayanıqlılığı, əlçatan mənzil təminatı, rəqəmsal transformasiya və süni intellektin şəhər idarəçiliyində rolu, həmçinin institusional və hüquqi çərçivələrin gücləndirilməsi kimi mövzulara xüsusi diqqət yetiriləcək” deyə bildirilir.
Konfrans çərçivəsində BDU-nun Mədəni İrsi Araşdırma Mərkəzinin direktoru Musa Mərcanlının baş redaktoru olduğu “Urban Future – Gələcəyin şəhərləri” kitabının da təqdimatı keçiriləcək.






İlk şərhi yaza bilərsiniz