Nadir Azəri: Bu, Azərbaycanın beynəlxalq nüfuzunun, eləcə də ölkənin QHT sektoruna qlobal məkanda göstərilən etimadın növbəti bariz göstəricisidir
BAYRAQDAR MEDİA – “44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanan Azərbaycan bu gün yalnız regionun siyasi və iqtisadi lideri kimi deyil, həm də qlobal miqyasda mühüm təşəbbüslərin müəllifi olan dövlət kimi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri beynəlxalq ədalətin müdafiəsi, işğalçılıq və neomüstəmləkəçilik siyasətinə qarşı prinsipial mövqenin ortaya qoyulmasıdır. Son illərdə Azərbaycanın beynəlxalq platformalarda artan fəallığı, xüsusilə Qlobal Cənub ölkələri ilə əməkdaşlığın gücləndirilməsi bu siyasi xəttin tərkib hissəsi kimi qiymətləndirilir”.
Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri Nadir Azəri QHT.az-a açıqlamasında deyib.
O bildirib ki, mayın 14-də Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası Azərbaycanın mühüm beynəlxalq proseslərin mərkəzində yer aldığını bir daha nümayiş etdirdi. Onun sözlərinə görə, ötən il əsası qoyulan Platforma bu il keçirilən ilk Baş Assambleya ilə artıq institusional mərhələyə keçid etdi. Tədbirdə müxtəlif ölkələrdən QHT nümayəndələrinin iştirakı Azərbaycanın beynəlxalq vətəndaş cəmiyyəti institutları üçün etibarlı tərəfdaş statusunu daha da gücləndirdi.
N.Azəri qeyd edib ki, Baş Assambleya həm təşkilati, həm də siyasi baxımdan xüsusi əhəmiyyət daşıyıb. Tədbirdə səsləndirilən mesajlar və çağırışlar diqqət çəkib. Azərbaycanın tarixən müstəmləkəçilik və işğalçılıq siyasətinə qarşı ardıcıl mövqe sərgilədiyi bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də çıxışında müstəmləkəçilik və neomüstəmləkəçilik məsələlərinə toxunub. O qeyd edib ki, Qlobal Cənub ölkələri tarixən bu siyasətlərdən ciddi əziyyət çəkiblər və bu problem müxtəlif formalarda bu gün də davam edir. Həmçinin vurğulanıb ki, Azərbaycan 2019–2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə neomüstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərindən biri kimi müəyyən edib.
QHT sədrinin sözlərinə görə, tədbirdə BMT Təhlükəsizlik Şurasında Qlobal Cənuba xüsusi status verilməsi ilə bağlı çağırışın səsləndirilməsi də mühüm siyasi mesaj kimi qiymətləndirilib.
O əlavə edib ki, bu proseslər bir tərəfdən Azərbaycanın həyata keçirdiyi uğurlu siyasətin nəticəsidirsə, digər tərəfdən ölkə QHT sektorunun beynəlxalq müstəvidə artan fəallığının göstəricisidir. Azərbaycanda vətəndaş cəmiyyətinə göstərilən dövlət dəstəyi QHT-lərin qlobal platformalarda daha aktiv iştirakına şərait yaradır.
Nadir Azəri bildirib ki, Baş Assambleyanın əsas nəticələrindən biri Qlobal Cənub QHT Platformasının katibliyinin formalaşdırılması olub. Növbəti 5 illik dövr üçün Platformanın Baş katibi vəzifəsinə Azərbaycan nümayəndəsi Fərid Kərimlinin seçilməsi isə ölkənin beynəlxalq nüfuzunun və QHT sektoruna göstərilən etimadın növbəti göstəricisi kimi qiymətləndirilir.






İlk şərhi yaza bilərsiniz